...

Azərbaycanın turizm şirkətlərini narazı salan "Türk Hava Yolları" qarşı tərəflə bağlı qərarını verdi

Cəmiyyət Materials 16 May 2013 14:52 (UTC +04:00)
Əməkdaşlıq etdiyi Azərbaycan turizm şirkətləri üçün komissiya haqlarının ödənilməsindən imtina edən "Türk Hava Yolları" qarşı tərəflə hansı formada əməkdaşlıq quracağı ilə bağlı qərar verib.
Azərbaycanın turizm şirkətlərini narazı salan "Türk Hava Yolları" qarşı tərəflə bağlı qərarını verdi

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İsabalayeva/

Əməkdaşlıq etdiyi Azərbaycan turizm şirkətləri üçün komissiya haqlarının ödənilməsindən imtina edən "Türk Hava Yolları" qarşı tərəflə hansı formada əməkdaşlıq quracağı ilə bağlı qərar verib.

Azərbaycan Turizm Assosiasiyasının sədri (AzTA) Nahid Bağırov Trend-ə bildirib ki, "Türk Hava Yolları" Azərbaycanın turizm şirkətləri üçün bonus sistemi proqramını tətbiq edəcək.

Onun sözlərinə görə, "Türk Hava Yolları" əməkdaşlıq etdiyi Azərbaycan şirkətlərinə komissiyon haqq ödəyirdi. Yeni razılaşma əsasında isə artıq aviaşirkət Azərbaycanın turizm şirkətlərinə bunun əvəzinə bonus verəcək:

"Hər bir şirkət satdığı biletin sayına uyğun olaraq, bonus alacaq. Bu say artıqca bonus da yüksələcək".

N.Bağırov bildirib ki, yeni bonus sisteminin yerli turizm şirkətləri üçün tətbiqinə başlanılıb.

Azərbaycanın turizm şirkətləri üçün komissiya haqqının ödənilməsinin daha sərfəli olduğunu deyən AzTA sədrinin sözlərinə görə, bonus sistemi dünya praktikasında tətbiq edilir.

O bildirib ki, "Türk Hava Yolları" başqa dövlətlərlə müqayisədə Azərbaycanın turizm şirkətləri üçün tətbiqi etdiyi bonus sisteminin daha sərfəli olacağına söz verib.

Qeyd edək ki, ötən ilin dekabrında "Türk Hava Yolları"nın satılan biletlərdən Azərbaycanın turizm şirkətlərinə komissiya haqqı verməsindən imtina etməsi həmin şirkətlərdə narazılıq yaratmışdı. Azərbaycanın turizm şirkətləri bu il fevralın 12-dən "Türk Hava Yolları"nın biletlərinin satışını müvəqqəti dayandırmağa dair qərar vermişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti