...

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna Azərbaycan vətəndaşları üçün tələbə qəbulu başlayıb

Cəmiyyət Materials 23 May 2013 15:39 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üzrə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edir.
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna Azərbaycan vətəndaşları üçün tələbə qəbulu başlayıb

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üzrə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edir. Komissiyadan Trend-ə verilən məlumata görə, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycan vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb.

İmtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları "Elektron ərizə"ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat mayın 24-ü saat 17:00-dək aparılacaq.

İmtahanda iştirak etmək hüququna 2013-cü il mayın 15-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin məzunlarının birinci yarımil üzrə qiymətləri) "4" və "5" olan Azərbaycan vətəndaşları malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər.

Rusiya ali məktəblərinə keçiriləcək müsabiqədə iştirak edən abituriyentlər imtahan nəticəsində müvafiq müsabiqə şərtini ödədikləri halda Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun müsabiqəsində iştirak edə bilərlər.

Müsabiqə iki mərhələdən ibarətdir. I mərhələdə abituriyentlər öz seçimləri əsasında TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. "Beynəlxalq iqtisadi əlaqələr" və "Beynəlxalq münasibətlər" ixtisasına qəbul olmaq istəyənlər II ixtisas qrupu üzrə, "Beynəlxalq hüquq" ixtisasına qəbul olmaq istəyənlər III ixtisas qrupu üzrə imtahan verirlər.

Test imtahanında bölməsindən asılı olmayaraq abituriyentlərə test tapşırıqları rus dilində təqdim olunur. Abituriyentlər xarici dil fənni kimi yalnız ingilis dilini seçə bilərlər.

Test imtahanı mayın 29-da keçiriləcək. Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə mayın 31-də keçiriləcək. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq.

Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.

İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində cari il iyunun 27-də aparılacaq. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq, rus dilindən bilikləri (şifahi və yazılı) yoxlanacaq. "Beynəlxalq iqtisadi əlaqələr fakültəsi"nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti