Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/
Milli Məclisin cümə günü keçirilən iclasında tək valideynli uşaqların dövlət ali məktəblərində ödənişli təhsilinə güzəştlərin tətbiq edilməsi və onların ödəniş haqlarından azad olunması təklif edilib.
Trend-in məlumatına görə, bu təkliflə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, ailə başçısını erkən itirmiş, öhdəsində azyaşlı övladları qalmış tək valideynli ailələrin mənafeyini daha geniş müdafiə etmək, dövlətin, ictimaiyyətin bu qrup insanlara diqqət və qayğısını daha da artırmaq, tək valideynli uşaqların sosial müdafiəsini daha da gücləndirməyə ehtiyac var.
Millət vəkili deyib ki, tək valideynli ailələr üçün övladlarının ödənişli ali təhsil almalarının xüsusi çətinliyini nəzərə alaraq, tək valideynli ailələrin övladlarının dövlət ali məktəblərində ödənişli təhsil imkanları əldə etdiyi zaman onların ödənişsiz təhsil almalarının təmin edilməsi çox vacib bir məsələdir və bu cür ailələrə böyük bir köməkdir: "Bununla yanaşı, tək valideynli uşaqların sosial müdafiəsi istiqamətində bir sıra mexanizmlərin işlənib hazırlanması çox önəmlidir və mən bir millət vəkili olaraq, parlamentimizi və hökumətimizi bu istiqamətdə öz səylərini daha da artırmağa çağırıram".