...

Türkiyədə təhsilini başa vurmuş azərbaycanlı tələbələr üçün məzuniyyət tədbiri təşkil edilib (FOTO)

Cəmiyyət Materials 14 İyun 2013 05:30 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyi, ARDNŞ, Azərbaycan Təhsil Mədəniyyət və Həmrəylik Dərnəyi (AZEDER) və "Palmali" Şirkətlər Qrupunun dəstəyi ilə 2013-cü ildə Türkiyənin ali təhsil ocaqlarında təhsilini müvəffəqiyyətlə başa vurmuş 400-ə yaxın tələbəmiz üçün geniştərkibli məzuniyyət tədbiri təşkil edilib.
Türkiyədə təhsilini başa vurmuş azərbaycanlı tələbələr üçün məzuniyyət tədbiri təşkil edilib (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycanın Türkiyədəki səfirliyi, ARDNŞ, Azərbaycan Təhsil Mədəniyyət və Həmrəylik Dərnəyi (AZEDER) və "Palmali" Şirkətlər Qrupunun dəstəyi ilə 2013-cü ildə Türkiyənin ali təhsil ocaqlarında təhsilini müvəffəqiyyətlə başa vurmuş 400-ə yaxın tələbəmiz üçün geniştərkibli məzuniyyət tədbiri təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, gün boyu davam edən tədbir çərçivəsində Türkiyənin müxtəlif şəhərlərindən Ankaraya toplanan məzunlarımız əvvəlcə ümummilli liderimizin adını daşıyan parkı ziyarət edib, ulu öndərin heykəli önünə əklil qoyub, onun və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan himnini səsləndiriblər. Sonra Vətənə xidmət andı içiblər.

Tədbirin ikinci hissəsi səfirlikdə davam edib. Geniştərkibli tədbirdə Türkiyə Ali Təhsil Şurasının sədri (YÖK) Gökhan Çetinsaya, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) sədri Serdar Çam, TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş, ARDNŞ-nin vitse-prezidenti Samir Kərimli, Türkiyə təhsil nazirinin müavini Zübeyir Yılmaz, Ankaranın Etimesqut rayon bələdiyyəsinin başçısı Ənvər Dəmirəl, rektorlar, millət vəkilləri, elm adamları, ictimai xadimlər, diaspor nümayəndələrimiz, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Tədbir zamanı YÖK-ün sədri Gökhan Çetinsaya, TİKA-nın sədri Serdar Çam, AZEDER-in sədri Rəşad Abdullayev, TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş, ARDNŞ-nin vitze-prezidenti Samir Kərimli, Türkiyə təhsil nazirinin müavini Zübeyir Yılmaz, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin sədr müavini Mesut Kurnaz, səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova, Ankaranın Etimesqut rayon bələdiyyəsinin başçısı Ənvər Dəmirəl, millət vəkili Sinan Oğan, Giresun Universitetinin rektoru həmvətənimiz Aygün Attar və səfirliyin müşaviri Dursun Həsənov çıxış edərək, tədbirin əhəmiyyəti, iki qardaş ölkənin əlaqələrində gənclərin, xüsusilə də iki ölkədə təhsil almış savadlı kadrların önəmindən geniş və əsaslı şəkildə bəhs ediblər.

Səfirliyin təhsil müşaviri Nəcibə Nəsibovanın çıxışı zamanı yeni məzunlarımıza örnək göstərilməsi məqsədilə vaxtilə Türkiyə universitetlərində təhsil almış və qısa zamanda işlədikləri müxtəlif sahələrdə böyük müvəffəqiyyətlərə imza atmış 3 nümunəvi insan - Mərkəzi Klinika Xəstəxanasının baş həkimi Kamran Musayev, "Santex" şirkətinin prezidenti Samir Cəfərov, turizm şirkətinin prezidenti Mahir Əhmədov - tədbir iştirakçılarına təqdim olunub.

Sonra universiteti fərqlənmə ilə bitirən məzunlarımıza hədiyyələr təqdim olunub. Sonda həmyerlimiz Cavid Təbrizlinin ifa etdiyi gözəl Azərbaycan xalq mahnıları sədaları altında qonaqlara ziyafət verilib.

Tədbirin üçüncü hissəsi məzunlarımızın Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət etməsi ilə başlayıb, təhsil müşaviri Nəcibə Nəsibovanın rəhbərliyi ilə Atatürkün məzarına əklil qoyulub və xatirə dəftərinə ürək sözləri yazılıb.

Daha sonra məzunlarımız Ankaranın Keçiören rayonunda tikilən Azərbaycan meydanı və Xocalı soyqırımı abidəsinə yola düşüblər. Xocalı soyqırımı abidəsinə əklil qoyan məzunlarımız sonra Azərbaycan meydanında yerləşən parkda məzuniyyət tortunu yerli ictimaiyyət numayəndələri ilə birgə yeyiblər.

Məzunlarımız tədbirin son hissəsini "Kent Otel" mehmanxanasında ziyafət və şənliklə qeyd ediblər. Burada da bütün tələbələrimizə hədiyyələr təqdim olunub və Azərbaycana xas şən musiqi sədaları altında gözəl anlar yaşanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti