Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir A.Məmmədov/
Şəki Ağır Cinayətlər Məhkəməsində dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası törətmiş Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kəndində anadan olmuş 1984-cü il təvəllüdlü İlkin Rəhimovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Trend-in məlumatına görə, hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İlkin Rəhimov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 7 avqust 2012-ci il tarixdə saat 14:50 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Şəki rayonu ərazisindən keçən 59-cu km-də 1961-ci il təvəllüdlü Zaqatala rayon sakini Əhmədov Məhəmməd Əhməd oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı, "10-NL-686" dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 1982-ci il təvəllüdlü Naxçıvan MR-in sakini Rəhimov İlkin Elbəyi oğlunun idarə etdiyi "SHACMAN" markalı, "01-AD-098" dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində "Mercedes-Benz" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər - 1983-cü il təvəllüdlü Bakı şəhər sakini İmanov Vüqar Mais oğlu, 1981-ci il təvəllüdlü Zaqatala rayon sakini Aslanov Elburus Nurəddin oğlu və 1963-cü il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Morodze Eldar Zeynal oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
İstintaq araşdırması zamanı İlkin Rəhimovun yol qəzasının törətməsində günahkar olması müəyyən edilib. Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
Azərbaycanda dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası törətmiş sürücüyə hökm oxunub
Şəki Ağır Cinayətlər Məhkəməsində dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası törətmiş Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kəndində anadan olmuş 1984-cü il təvəllüdlü İlkin Rəhimovun cinayət işi üzrə məhkəmə başa çatıb.