Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir S.Əhmədova/
Bu gün ABŞ səfirinin iqamətgahında Gənc Liderlik Proqramının azərbaycanlı finalistləri və məzunları, habelə amerikalı iştirakçıları, onların ailələri üçün qəbul təşkil olunub. Trend-in məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar öz çıxışında bildirib ki, bu tədbir onun üçün çox önəmlidir.
Səfir qeyd edib ki, tədbirdə bu yay ABŞ-dan Azərbaycana gələn proqram iştirakçıları, eyni zamanda, ABŞ-a gedəcək azərbaycanlı iştirakçılar və keçən il ABŞ-dan Azərbaycana gələn iştirakçılar toplanıblar: "Hesab edirəm ki, bu proqram çox önəmlidir, çünki bu proqram Azərbaycanı amerikalılara və ABŞ-ı azərbaycanlılara tanıtdırmağa kömək edir. Bu proqramların hamısı ABŞ-ın Azərbaycanla əlaqələrinin daha da gücləndirilməsinə xidmət edir".
Gənc Liderlik Proqramı qısamüddətli mədəni və təhsil proqramıdır və proqramın məqsədi müxtəlif etnik, dini və ictimai qruplardan olan amerikalı və azərbaycanlı məktəblilər, müəllimlər və icmalar arasında əlaqələri genişləndirmək və iki ölkə arasında əlaqələri möhkəmləndirməkdir.