...

Ombudsman BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı müşaviri ilə görüşüb

Cəmiyyət Materials 1 Avqust 2013 18:20 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul edib.
Ombudsman BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı müşaviri ilə görüşüb

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İ.İzzət/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Süleymanova ombudsman təsisatının BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları, həmçinin İnsan Hüquqları üzrə Ali Komissarlıqla, bu qurumun regional ofisi ilə də səmərəli əməkdaşlıq əlaqələrinin qarşılıqlı anlaşma şəraitində davam etdirildiyini diqqətə çatdırıb. Müvəkkil bu il Ombudsmanların XI Beynəlxalq Bakı Konfransının keçirildiyini, habelə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın (MFP) müzakirəsi məqsədilə dövlət orqanları və vətəndaş cəmiyyəti, insan hüquqları sahəsində çalışan QHT-lərin nümayəndələri ilə məsləhətləşmələrin, respublikamızın hər bir rayonunda ictimai dinləmələrin təşkilini vurğulayıb.

O, həmçinin Universal Dövri İcmal (UDİ) prosesi ilə bağlı verilmiş tövsiyələrin icrası vəziyyətinin monitorinqinin aparıldığını, vətəndaş cəmiyyəti təsisatlarının bu prosesdə iştirak etdiyini, Azərbaycan ombudsmanının UDİ üzrə fəaliyyətinin müsbət təcrübə kimi dəyərləndirildiyini və bu sahədə fəaliyyətin davam etdirildiyini söyləyib.

V.Şkolnikov təmsil etdiyi qurumla əməkdaşlığı yüksək dəyərləndirdiyinə görə müvəkkilə təşəkkür edib, Azərbaycan ombudsmanının insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətini, UDİ prosesində fəal mövqeyini vurğulayıb.

Görüşdə ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının prioritetlərinə uyğun olaraq bir sıra təkliflər verib, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununa şərhin hazırlanmasının və çap olunmasının, insan hüquqları sahəsində yeni ədəbiyyatın, kitabların və nəşrlərin Azərbaycan dilinə tərcümə olunmasının, yeni buklet və broşürlərin nəşrinin, ombudsmanın regional mərkəzlərinin imkanlarının artırılmasına dəstək göstərilməsinin, paytaxt və regionlarda insan hüquqları, əhalinin zəif qruplarının, o cümlədən qaçqın və məcburi köçkünlərin, əlillərin, uşaqların, qadınların, ahılların hüquqları sahəsində maarifləndirmə işinin, "dəyirmi masa"ların, treninq-seminarın birgə davam etdirilməsinin və b. zəruriliyini vurğulayıb.

Qeyd olunub ki, "Əlillərin hüquqları haqqında" BMT Konvensiyasının müvafiq maddəsində nəzərdə tutulan müstəqil monitorinq mexanizminin funksiyalarının da həyata keçirilməsi müvəkkilə tövsiyə edilib. Müvəkkil həmin Konvensiyanın həyata keçirilməsi üzrə monitorinqlərin iki istiqamət - əlil uşaqların sağlam valideynlər, sağlam uşaqların isə əlilliyi olan valideynlər ailəsində vəziyyətinin öyrənilməsi üzrə aparılmasının əhəmiyyətini vurğulayıb, bu işdə də dəstək verilməsini təklif edib.

Şkolnikov ombudsman təsisatı ilə əməkdaşlığa önəm verildiyini və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən işgüzar əlaqələri davam etdirərək təsisata dəstək vermək niyyətində olduğunu vurğulayıb.

Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırovun da iştirak etdiyi görüşdə, həmçinin əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti