Azərbaycan, Bakı, 21 avqust / Trend müxbir M.Əliyev/
Bakıda Dənizkənarı Milli Parkda siqaret çəkilməsinin qadağan olunması gözlənilir. Bu barədə çərşənbə günü Trend-ə millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
M.Quliyevin sözlərinə görə, Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsinin qarşısının alınması müxtəlif etaplarda həyata keçirilir: "Biz xarici ölkələrin təcrübəsini öyrəndik və məlum oldu ki, ictimai yerlərdə siqaretin çəkilməsini bütövlükdə qadağan edilən ölkələrdə bir neçə ildən sonra bu mübarizə zəiflədi və dalana dirəndi. Misal üçün, Rusiya 3 dəfə belə bir qanunu qəbul etsə də mübarizə zəifləməyə başladı. Bu, bir daha göstərir ki, insanlar şüuru cəhətdən bu mübarizəyə hazır olmalıdır. Bu səbəbdən Azərbaycanda qanunu bütövlükdə qəbul etmədik, hissə-hissə tətbiq edilməsini seçdik".
Millət vəkili qeyd edib ki, Azərbaycanda ilk növbədə ictimai nəqliyyat vasitələrində siqaretin çəkilməsinə qadağa qoyuldu, 50 manat cərimə tətbiq olundu və bu kifayət qədər uğurla həyata keçirilir.
Onun sözlərinə görə, ikinci etapda İçərişəhər qoruq kimi elan olundu və onun ərazisində siqaret çəkilməsi qadağan olundu: "Növbəti etapda Milli Parkda da siqaretin çəkilməsinin qadağan olunması gözlənilir. Artıq müvafiq qurumlar bu məsələni öz gündəliyində saxlayırlar".
Komitə sədrinin müavini bildirib ki, tütün məhsullarına aksiz vergisinin qaldırılması da hazırda müzakirəyə çıxarıla bilər ki, bu da siqaret istifadəçilərinin azalmasına yönəlmiş addımlardan biridir.
M.Quliyev bildirib ki, Milli Məclisin payız sessiyasında bir daha ictimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılması gündəliyə gətiriləcək və bütövlükdə qapalı yerlərdə siqaret çəkilməsinin qadağan olunması təklif olunacaq.