...

Azərbaycanda mənzil bazarında qiymətlər artıb

Cəmiyyət Materials 28 Avqust 2013 17:22 (UTC +04:00)
Aparılan təhlillərə əsasən, ölkənin mənzil bazarında bu ilin əvvəlindən başlayan qiymət artımı iyul ayında da davam edib.
Azərbaycanda mənzil bazarında qiymətlər artıb

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İzzət/

Aparılan təhlillərə əsasən, ölkənin mənzil bazarında bu ilin əvvəlindən başlayan qiymət artımı iyul ayında da davam edib.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən Trend-ə bildiriblər ki, bu təşkilatın monitorinq qrupu tərəfindən 2013-cü ilin iyul ayında paytaxtın ilkin mənzil bazarında aparılan növbəti araşdırmalardan sonra məlum olub.

Adətən iyul ilin isti ayı kimi, əhalinin əksəriyyətinin məzuniyyətdə və şəhərkənarında olması səbəbi ilə potensial alıcılar üçün qeyri-məqbul ay sayılır. Həmçinin alıcıların bir hissəsi qarşıdakı aylarda ipoteka krediti faiz dərəcəsinin aşağı düşməsi və ümumi kredit məbləğinin artacağı ehtimalları ilə gözləməyə üstünlük verirlər. İlin sonuna doğru qiymətlərin azalacağını ehtimal edənlər də az deyil. Lakin bunlara baxmayaraq, ilkin mənzil bazarı iyulda da aktivlik və qiymət artımı ilə davam edib. Ucuz yaşayış mənzillərinin satış həcmində və qiymət indeksində artım müşahidə edilib. Mənzillərin satışında, əsasən də ucuz mənzil bazarında aktivlik meyilləri artıb. Stabil tələb ucuz evlərə olsa da, bazarda 1000-1200 manata satılan mənzillərin ümumi portfelində həcminin artdığı qeydə alınıb.

İyul ayında paytaxtın 2 rayonunda 4 yeni tikilinin satışa çıxarılması qeydə alınıb. İki binanın satışı Nəsimi rayonunda, digər satışlar isə Nərimanov və Xətai rayonlarında qeydə alınıb. Satışa çıxarılan 4 yeni tikilidən 2-si 16 mərtəbəli, 4 bloklu, 2-si isə 1 bloklu olub. Təklif edilən yeni mənzillərdəki qiymətlər əsasən 1 kv.metr üzrə 1200-1300 manat təşkil edib. Buna baxmayaraq, aparılan araşdırmalara əsasən, tələb əsasən 800 manatdan başlayan qiymətlərdə özünü göstərib. Satışdan çıxan mənzillərin sayında da artım olub və 6 yeni tikili satışdan çıxıb. Beləliklə, Bаkı şəhəri üzrə ilkin yaşayış mənzil bаzаrında аrаşdırılan çoxmənzilli yaşayış binаlаrının sаyı 398 olub. Əvvəlki aylarda olduğu kimi, son mərtəbələrə hələ də tələbatın aşağı olması bir çox yeni tikilinin tam satılaraq satışdan çıxmasına mane olub. Müvafiq olaraq hazırda bina inşa edən tikinti şirkətlərinin sayında da dəyişiklik baş verib. Ötən ay onların sayı 129 idisə, bu ay 126 olub.

Yeni tikililər ən çox ötən aylarda olduğu kimi Yasamal rayonu (Yeni Yasamal qəsəbəsi) ərazisindədir. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdə mövqelərini qoruyurlar. Qeyd edilən üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı bazarın 3/2-ni təşkil edib. Digər rayonlar üzrə tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.

Qeyd etdiyimiz kimi, iyul ayında ilkin mənzil bazarı üzrə qiymətlər artıma meyilli olub və paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə bir kvadrat metr üzrə orta qiymət göstəricisi ötən aydakı 884,1 manata qarşı 0,3 faiz artaraq 886,5 manat təşkil edib. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 2,6 faiz, ötən ilə nisbətdə isə 11,3 faiz artımla yadda qalıb.

Qiymətlərdə 2008-ci ilin sentyabr ayı (böhran dövrü) ilə müqayisədə 25,8 faiz azalma müşahidə edilsə də, bu ilin əvvəli ilə müqayisədə 5,6 faiz artım müşahidə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti