Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İzzət/
Moskvada keçirilən əlil arabasında rəqs üzrə beynəlxalq turnirdə Azərbaycan idmançıları I yeri tutub.
Trend Regional TV-yə istinadən xəbər verir ki, əlil arabasında rəqs üzrə beynəlxalq "Qitələr kuboku-2013" çempionatında 20-dən çox ölkə iştirak edib. Rusiya Əlil Arabasında Rəqs Federasiyası tərəfindən təşkil olunan yarışda 100-ə yaxın əlil birincilik uğrunda mübarizə aparıb.
İki gün ərzində davam edən turnirdə ölkəmizi təmsil edən I qrup əlillər - Tamerlan Qədirov və Vüsalə Kərimova mükafatçılar sırasına düşməyi bacarıblar. Onlar Latın Amerikası rəqsində birinci yeri tutaraq qızıl medala sahib olublar.
Milli Paralimpiya Komitəsinin şöbə müdiri Kamal Məmmədov bu qələbənin təsadüfi olmadığını bildirib. Belə ki, mükafatçılar sırasına düşməyi bacaran təmsilçimiz Vüsalə Kərimova avqust ayında Moskvada 4 min metr hündürlükdən paraşütlə tullanmaqla da mükafat qazanıb.