...

Azərbaycanda gələn həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

Cəmiyyət Materials 6 Sentyabr 2013 11:42 (UTC +04:00)
Sentyabrın 9-da və 10-da 2013-2014-cü tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanı keçiriləcək.
Azərbaycanda gələn həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sentyabrın 9-da və 10-da 2013-2014-cü tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanı keçiriləcək. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) şöbə müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədin təhsil aldığı baza ali tibb təhsilinə müvafiq olaraq baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas sahəsində bilikləri yoxlanacaq. Birinci mərhələnin imtahanları sentyabrın 9-da, ikinci mərhələnin imtahanları isə sentyabrın 10-da keçiriləcək.

Şöbə müdirinin sözlərinə görə, bu il rezidenturaya qəbul aparılacaq plan yerlərinin sayı 528-dir. İmtahanında iştirak etmək üçün 1297 nəfər elektron ərizə təsdiqlədib. Onlardan 942 nəfəri qız, 355 nəfəri oğlandır. Bakı şəhərində 1281, Naxçıvanda isə 16 namizədin imtahan verəcəyi nəzərdə tutulur.

N.Əliyev deyib ki, rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra aparılacaq. İxtisas seçiminə iki mərhələ üzrə imtahandan topladığı ümumi balı ilə yanaşı, baza və ixtisas fənləri üzrə ayrılıqda topladığı balı da TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti