Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblər üçün ayrılmış dərsliklər sentyabrın 25-dək ünvanına çatdırılacaq. Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, yeni tədris ilinə Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblər üçün ayrılmış 18 adda 28015 ədəd "Azərbaycan dili" və "Ədəbiyyat" dərsliyi sentyabrın 25-dək ünvanına çatdırılacaq.
Dağıstandan və digər ölkələrdə fəaliyyət göstərən "Bazargünü" məktəblərindən dərsliklərlə bağlı sifariş olmayıb və sifariş olduğu təqdirdə həmin məktəblər dərsliklərlə təmin ediləcəklər.
Yeni tədris ilinə Azərbaycanın ümumtəhsil müəssisələri üçün 139 adda dərslik və müəllimlər üçün metodik vəsaitin nəşri və çapı planlaşdırılıb və bu istiqamətdə iş aparılıb. Nəzərdə tutulan işlər uğurla başa çatdırılıb. Respublikamızın məktəbləri bu dərslik və müəllimlər üçün metodik vəsaitlərdən istifadə edəcəklər.
VI sinif dərslikləri ilk dəfə kurikulum əsasında hazırlanmışdır. II, IV, VIII, IX və X sinif dərslikləri isə redaktə və korrektə olunaraq yenidən nəşr olunub.