...

Coğrafiya İnstitutunun direktoru: Azərbaycanda SSRİ dövründən qalmış xəritələrin heç biri düzgün deyil

Cəmiyyət Materials 30 Sentyabr 2013 15:59 (UTC +04:00)
"Google"da xəritələrdə Azərbaycan ərazilərinin təhrif olunması hallarına mən də rast gəlirəm. Lakin bunun qarşısını 100 faiz almaq mümkün deyil".
Coğrafiya İnstitutunun direktoru: Azərbaycanda SSRİ dövründən qalmış xəritələrin heç biri düzgün deyil

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

"Google"da xəritələrdə Azərbaycan ərazilərinin təhrif olunması hallarına mən də rast gəlirəm. Lakin bunun qarşısını 100 faiz almaq mümkün deyil". Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akdemiyasının Coğrafiya İnstitutunun direktor əvəzi, professor Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, "Google"da hər kəs redaktə işləri apara bilər. Ermənilər də bundan istifadə edərək Azərbaycan ərazilərini təsvir edən xəritələrdə təhriflərə yol verirlər.

İnstititun direktor əvəzi bildirib ki, "Google"da sovet dövründən qalma xəritələrdən istifadə edilmir.

Azərbaycana SSRİ dövründən qalan xəritələrin heç birinin düzgün olmadığını deyən alim bildirib ki, xəritələrin koordinatları düzgün olduqda onlar komanda verildiyi zaman "Google"da yerləşməlidir. Ancaq sovet dövrünün xəritələrində koordinatlar düzgün olmadığı üçün komanda verildikdə onların heç biri "Google"da oturmur: "Bizə SSRİ dövründən qalmış xəritələrin heç biri düzgün deyil. Həmin xəritələri "Google"da yerləşdirmək istəyəndə Bakı başqa yerə, Siyəzən başqa yerə düşür. Ancaq indi xəritələrdə millimetr qədər coğrafi bağlamalar var. İndi komanda veriləndə xəritələr dünya xəritələrində oturmalıdır. Əgər oturmursa, demək o xəritə heç nədir".

R.Məmmədov bildirib ki, sovet dövründəki xəritələrdə koordinatların düzgün olmamasının müxtəlif səbəbləri var. Bunlardan ən başlıca səbəb xəritələrin kağız üzərində əllə işlənməsi olub. Hazırda isə xəritələr kağız üzərində hazırlanır. Onlar elektron qaydada xüsusi proqramlarla tərtib edilir. Belə xəritələrin əsas üstünlüklərindən biri onların dəqiq olmasıdır.

Hər bir xəritəni informasiya bazası hesab edən R.Məmmədov bildirib ki, artıq xəritələrdə hər hansı bir ərazinin üstünə kursoru vurub basanda həmin yerlə bağlı bır sıra məlumatlar açıqlanmalıdır: "Məsələn, orada düzənlik göstərilir. Sən o düzənliyə kursoru basanda həmin düzənliyin sahəsinin nə qədər olduğu, orada hansı bitkilərin və heyvanat aləminin olduğu üzə cıxır. Yaxud kursoru bir kəndin üzərinə qoyanda həmin an rəqəmlər - kəndin əhalisinin sayı, qadınların, kişilərin sayı və s. üzə çıxmalıdır. Bu onu göstərir ki, bu gün artıq hər bir xəritə böyük informasiya bazasıdır. Əgər bu yoxdursa, onda buna "lal xəritə" demək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti