...

Xoşbəxt cütlük daşıyan “toy karvanları”nın bədbəxtlik gətirən tərəfləri

Cəmiyyət Materials 2 Oktyabr 2013 10:10 (UTC +04:00)
Bu ilin ilk 8 ayı ərzində Bakıda “toy karvanları”ndakı nəqliyyat vasitələrinin iştirakı ilə 24 yol qəzası baş verib. Hadisələr nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb.
Xoşbəxt cütlük daşıyan “toy karvanları”nın bədbəxtlik gətirən tərəfləri

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İ.İzzət/

Bu ilin ilk 8 ayı ərzində Bakıda "toy karvanları"ndakı nəqliyyat vasitələrinin iştirakı ilə 24 yol qəzası baş verib. Hadisələr nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DIN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, əhali tərəfindən daxil olan şikayətlərdən sonra sentyabr ayı ərzində 36 "toy karvanı" yollardakı müşahidə kameraları vasitəsilə nəzarətə götürülüb. Nəticədə "toy karvanları"nda iştirak edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan 3 sürücü inzibati məsuliyyətə cəlb edilib. "Toy karvanları"nın hərəkəti zamanı karvanda iştirak edən avtomobil sürücülərinin yol-hərəkət qaydalarını pozması ilə bağlı 60 fotomaterial hazırlanıb: "Hətta yol hərəkəti qaydalarını pozduğuna görə, 2 halda bəy və gəlin onları daşıyan bəzədilmiş "bəy-gəlin" avtomobilindən düşərək digər avtomobillə hərəkət etmək məcburiyyətində qalıblar. Onlardan birində sürücü avtomobili işıqforun qırmızı işığında saxlamadığına görə saxlanıb və məlum olub ki, onun heç sürücülük vəsiqəsi də yoxdur. İkinci halda isə "bəy-gəlin" avtomobili dövlət nömrə nişanı olmadığına görə saxlanılıb."

Əsədov qeyd edib ki, ötən illərə nisbətən avtomobillərin dövlət nömrə nişanlarının üstünün bəzədilərək örtülməsi halları azalsa da, xüsusilə axşam saatlarında "toy karvanları"ndan iştirak edən avtomobillər tərəfindən yolboyu səs siqnallarından lüzumsuz istifadə edilməsi, yolun hərəkət zolaqlarının tutulması, işıqforun qırmızı işığında dayanmadan hərəkət etməsi, yolayrıclarını keçmə qaydalarını pozması, ehtiyac olmadan asta sürətlə hərəkət etməsi, yola bitişik şadlıq sarayları qarşısında dayanmış avtomobillərin hesabına yolların daralması, həmin yol üzrə gediş-gəlişin çətinləşməsi və süni tıxacların yaranması çox müşahidə edilib. Bu isə paytaxt sakinlərinin narahatlığı və narazılığına səbəb olur: "Ona görə də "toy karvanları"nda iştirak edən avtomobil sürücülərini bir daha ciddi nizam-intizama dəvət edir və xəbərdarlıq edirik ki, paytaxt ərazisində "toy karvanları"nda iştirak edən hər bir avtomobil hərəkət marşrutu boyu izləniləcək və kimliyindən asılı olmayaraq qaydaları pozanlar cəzalanacaqlar. Bəy-gəlinin xoşbəxtliyi başqalarının bədbəxtliyi üzərində qurulmamalıdır."

Dövlət Yol Polisi İdarəsi adından toy sahiblərinə müraciət edən bölmə rəisi bir daha "toy karvanları"nda iştirak edən avtomobillərin sayının 3-4 avtomobilədək azaldılmasını tövsiyə edib. Onun fikrincə, avtomobillərin sayının çox və ya az olması bəy və gəlinin bir-birinə sevgisini artırmayacaq, nə onları xoşbəxt etməyəcək, nə də gələcək həyatında nəyisə dəyişməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti