...

Azərbaycandan 10 başdan ibarət ilk ceyran sürüsü Gürcüstana yola salınıb (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2013 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend müxbir S.Ağayeva/

IDEA kampaniyasının rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası layihəsi" ilə bağlı təşkil edilən tədbirdə 10 başdan ibarət ilk ceyran sürüsü Azərbaycandan Gürcüstana yola salınıb.

Trend-in məlumatına görə, tədbirdə qeyd olunub ki, ceyran sürüsünün reintroduksiyası Gürcüstan Ətraf Mühit və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyinin müraciəti əsasında həyata keçirilir.

Gürcüstan ətraf mühit və təbii sərvətlərin mühafizəsi nazirinin müavini Şalva Amiredjili tədbirdə layihənin çox mühüm olduğunu qeyd edib. Onun sözlərinə görə, bu layihə regionda biomüxtəlifliyin bərpası istiqamətində mühüm addımdır.

Növbəti mərhələdə isə həm Azərbaycan, həm də Gürcüstan ərazisində zubrların təbii areallara bərpası layihəsi həyata keçiriləcək.

Tədbirdə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri səlahiyyətlərini icra edən Hüseynqulu Bağırov hazırda Azərbaycanda 9 min baş ceyranın mövcud olduğunu bildirib.

Ötən müddət ərzində Ağgöl Milli Parkı, Qobustan-Cəngiçay vadisi, Acınohur-Sarıca düzü ərazilərinə mərhələlərlə ceyran fərdlərinin buraxılması həyata keçirilib. 110 başadək ceyran tarixi ərazilərinə qaytarılıb.

Nazirin sözlərinə görə, Azərbaycanda ceyranların bərpası və çoxaldılması istiqamətində aparılan işlər öz nəticələrini verir. H.Bağırov bildirib ki, bu layihə və həyata keçirilən tədbirlər çərçivəsində ceyran mövzusu bioloji müxtəliflik problemləri sırasından birdəfəlik çıxarılacaq.

O, qeyd edib ki, Gürcüstana verilən ceyranların üzərində xüsusi avadanlıqlar qurulub. Bu avadanlıqlar ceyranın olduğu yeri, onun orqanizminin fəaliyyətini nəzarətdə saxlamağa imkan verir.

Nazirin sözlərinə görə, Gürcüstan tərəfi bundan əvvəl Türkiyədən ceyran alsa da, onlar Qafqaz iqliminə uyğunlaşa bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti