...

Gəncədə Məhərrəm ayına xüsusi önəm verilir

Cəmiyyət Materials 12 Noyabr 2013 18:00 (UTC +04:00)
Gəncədə İslam tarixində və İslam dünyasında mühüm rol oynayan Məhərrəm ayına xüsusi önəm verilir, dinimizin bütövlüyü və toxunulmazlığı uğrunda şəhid olanların xatirəsi hörmət və ehtiramla yad edilir.
Gəncədə Məhərrəm ayına xüsusi önəm verilir

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Gəncədə İslam tarixində və İslam dünyasında mühüm rol oynayan Məhərrəm ayına xüsusi önəm verilir, dinimizin bütövlüyü və toxunulmazlığı uğrunda şəhid olanların xatirəsi hörmət və ehtiramla yad edilir.

Artıq məscidlərdən qara bayraqlar asılıb, şüarlar yazılıb və tədbirlər keçirilməyə başlayıb. Ötən illərdən fərqli olaraq, bu il Aşura günündə dindar və möminlərin rahat şəkildə ibadət etmələri və Aşura gününün yüksək səviyyədə təşkili üçün lazımi işlər görülüb. Belə ki, məscidlər Gəncə Şəhər İcra Hakimiyyətinin hesabına istilik sistemi ilə təmin olunub.

"İmamzadə" dini-tarixi kompleksində noyabr ayının 13-dən 14-nə keçən gecə İcra Hakimiyyəti tərəfindən ziyarətgahın ətrafında çadırlar qurulması nəzərdə tutulub. İnsanların "İmamzadə"yə rahat və əziyyətsiz gedişini təşkil etmək üçün xüsusi nəqliyyat vasitələri - avtobuslar ayrılıb. Təcili tibbi yardım briqadaları yaradılıb, ziyarətgahda işıqlandırma sisteminin əhatə dairəsi daha da genişləndirilib. Aşura günü içməli su daşıyan maşınlar ziyarətçilərin ixtiyarına veriləcək. Bundan başqa, ziyarətçilərə daha rahat şərait yaratmaq üçün xeyriyyəçi insanlar da ziyarətgahda çadırlar qura biləcəklər.

Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətlisi Hacı Tahir Abbasov bildirib ki, Gəncədə yerləşən məscid və ziyarətgahlarda insanlar sərbəst və azad şəkildə ibadətlərini edir, dini inanclarına sədaqətlərini yaşadırlar. Məscidlərdə mərasimlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Ən başlıcası, Prezident İlham Əliyevin sərəncamı ilə "İmamzadə"də abadlıq və quruculuq işlərinin həyata keçirilməsi nəticəsində bu müqəddəs məkan müasir İslam dünyasında ən mühüm ziyarət mərkəzlərindən birinə çevriləcək. "İmamzadə" kompleksində geniş miqyas almış quruculuq işləri şəhər rəhbərliyinin yaxından iştirakı ilə sürətini bir qədər də artırıb. Əlbəttə, bütün bunlar hamının ürəyincədir. Belə olan halda insanlar dinini, keçmişini heç zaman unutmur, onun elmi dəyərlərini əbədi olaraq yaddaşına yazır, şəhidlik zirvəsinə ucalanlara hörmət və ehtiram artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti