...

YAP Gəncə şəhərinin təkanverici inkişaf qüvvəsidir (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2013 12:00 (UTC +04:00)
Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının 21-ci ildönümü münasibətilə Gəncə şəhər İcra Hakimiyyətinin konfrans zalında 25 noyabr 2013-cü ildə saat 15:00-da tədbir keçirildi.
YAP Gəncə şəhərinin təkanverici inkişaf qüvvəsidir (FOTO)

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının 21-ci ildönümü münasibətilə Gəncə şəhər İcra Hakimiyyətinin konfrans zalında 25 noyabr 2013-cü ildə saat 15:00-da tədbir keçirildi. Tədbirdə YAP Gəncə şəhər Təşkilatının Şura və İdarə Heyətinin üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, YAP Gəncə şəhər Təşkilatının veteranları, partiyanın fəal üzvləri iştirak edirdi.

Əvvəlcə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının İdarə Heyətinin üzvləri Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, onun əziz xatirəsini yad etdilər.

Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd etdi ki, Yeni Azərbaycan Partiyası və onun böyük lideri, ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışa bilməycəkdik: "Olduqca çətin bir şəraitdə yaranan bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir.

Elmar Vəliyev vurğulayıb ki, 2003-cü ildən alternativi olmayan bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyevin ötən 10 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirib: "YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə şərtlənir. 9 oktyabrda ölkəmizdə keçirilən prezident seçkiləri Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevə böyük etimad bəslədiyini, onun yürütdüyü siyasi kursu hərtərəfli dəstəklədiyini birmənalı olaraq təsdiqləyib. Prezident seçkilərinin nəticəsi göstərdi ki, Azərbaycan cəmiyyəti ümummilli lider Heydər Əliyev siyasi kursunu ölkənin davamlı inkişafının, bundan sonrakı uğurlarının, təminatlı gələcəyinin mühüm şərti hesab edir. Prezident İlham Əliyev YAP İdarə heyəti üzvləri ilə 11 mart 2004-cü il tarixli görüşündə bildirib ki, hər bir partiya üzvü Ümummilli lider Heydər Əliyevin həyata keçməyən ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir. Biz bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, həmçinin YAP-ın Sədr müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində qabarıq görürük".

"21 il öncə yaradılmış partiyamız Heydər Əliyev ideyalarına əsaslanır, Heydər Əliyevdə əks olunan mənəvi gücü cəmiyyətimizə transfer edir. Ümumiyyətlə, partiyamız uğurlar partiyasıdır və ötən 21 il ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib"- deyən AMEA Gəncə bölməsinin direktoru, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının İdarə Heyətinin üzvü, akademik Fuad Əliyev, Yeni Azərbaycan Partiyasının veteran üzvü, professor Cəmil Hacıyev və Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun direktoru, akademik Siddiqə Məmmədova 2013-cü ilin oktyabr ayında keçirilən prezident seçkilərində partiyamızın liderinin növbəti möhtəşəm qələbə qazandığını vurğulayaraq, gələcəkdə də dövlətimizə və xalqımıza böyük faydalar verəcəyini qeyd ediblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının 21-ci ildönümü münasibəti ilə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı yarandığı gündən partiya sıralarına ilk daxil olmuş, Gəncə şəhərinin ictimai-siyasi həyatında göstərdiyi xidmətlərinə görə fərqlənmiş şəxslər Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının fəxri fərmanları təltif olunub. Eyni zamanda, YAP Gəncə şəhər Təşkilatının 30 mininci üzvü Əzizə Məmmədovaya partiya vəsiqəsi ilə birlikdə dizüstü komputer təqdim edilib. Daha sonra partiya sıralarına yeni qəbul olunmuş fəallara partiya vəsiqələri verilib.

Tədbir Gəncə şəhər İcra Hakimiyyətinin yekun nitqi ilə sona çatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti