Azərbaycan, Bakı, 11 dekabr /Trend /
Azərbaycan Respublikası Prokurorluğunun müstəqil dövlətimizin əsas təsisatlarından biri kimi tamamilə yenidən formalaşması Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən hərtərəfli məhkəmə-hüquq islahatlarının nəticəsində mümkün olmuşdur.
Dekabrın 11-də Baş Prokurorluqda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasim iştirakçıları əvvəlcə prokurorluğun inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar.
Mərasimdə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimini keçirərkən bütün Azərbaycan xalqı kimi, prokurorluq orqanlarının hər bir işçisi də bu böyük insanın, dahi şəxsiyyətin zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salaraq Ulu Öndərə ehtiramlarını bildirir, dahi şəxsiyyətin Vətəni və xalqı üçün gördüyü nəhəng işlərin, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşməsində xidmətlərinin hədsiz əhəmiyyətli olduğunu minnətdarlıq hissi ilə qeyd edirlər.
Baş prokuror demişdir ki, çətin məqamlarda, mürəkkəb dövrlərdə yenilməz iradəsi, cəsarəti, qətiyyəti və uzaqgörənliyi ilə xalqımızı təzyiq və təhlükələrdən xilas etməklə Ümummilli Lider inkişafa və tərəqqiyə aparan strateji xətti müəyyənləşdirərək Azərbaycanda demokratik hüquqi dövlətin qurulması üçün möhkəm zəmin yaratmışdır.
Müasir Azərbaycanın şərəfli inkişaf tarixinin 30 ildən yuxarı bir dövrü fenomenal xüsusiyyətlərə, dərin təfəkkürə və güclü iradəyə malik ən böyük azərbaycanlının adı ilə bilavasitə bağlıdır. Məhz onun dəyanəti və cəsarəti, mətinliyi və zəkası, qətiyyəti və qüdrəti sayəsində xalqımız zamanın ağır sınaqlarından üzü ağ çıxaraq çətinliklərə sinə gərmiş, təzyiq və təhlükələrdən xilas olaraq ictimai-siyasi sabitliyin bərqərar olunmasına, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılmasına nail ola bilmişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra xarici təzyiqlər və hakimiyyət uğrunda daxili çəkişmələr nəticəsində vətəndaş müharibəsi təhlükəsi qarşısında qalan xalqımız xilas yolunu yalnız Heydər Əliyevdə görürdü. Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəmizi vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtarmış, qanunçuluğu bərpa etmişdir. Xaricdən dəstəklənən radikal müxalifət qüvvələrinin cinayətkar hərəkətlərinin və dövlət çevrilişi cəhdlərinin qarşısı alınmış, silahlı yolla hakimiyyətə gəlmək arzularına son qoyulmuş, Azərbaycanda möhkəm və dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq təmin edilmişdir. Xalqının xilası naminə hər cür çətinliklərə sinə gərən, fiziki cəhətdən məhv edilmək təhlükəsi, sui-qəsd və terror cəhdləri ilə üzləşən Heydər Əliyev özünün siyasi müdrikliyi, polad iradəsi və qətiyyəti, ən əsası xalqın dəstəyi nəticəsində Azərbaycanı və onun müstəqilliyini məhv olmaq təhlükəsindən xilas etmişdir. Hakimiyyətə qayıdandan sonra qısa müddətdə bütün cəmiyyəti vahid ideya ətrafında birləşdirən və milli birliyi təmin edən Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirən xalqımız həmin günü öz xilaskarının şərəfinə Milli Qurtuluş Günü kimi tarixə yazmışdır.
Ölkəmizin tarixinə sabitlik və inkişaf dövrü kimi düşən 1993-2003-cü illər ərzində Heydər Əliyevin möhtəşəm dövlətçilik fəaliyyətinin nəticəsidir ki, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurulmuş, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində mühüm addımlar atılmışdır. Geosiyasi mövqelərini möhkəmləndirən ölkəmiz dünya birliyində layiqli yerini tutmuş, azərbaycançılıq məfkurəsi inkişaf etdirilməklə milli birlik və həmrəyliyə nail olunmuşdur.
Xüsusi bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq 1995-ci il noyabrın 12-də keçirilmiş referendumla qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ümumbəşəri ideya və dəyərləri əks etdirərək demokratik dövlət quruculuğu istiqamətində inkişafın hüquqi təsisatlarını, dövlətin və idarəetmənin əsaslarını formalaşdırmaqla respublikamızda hüquq sisteminin bünövrəsini yaratmışdır. Ulu Öndərin həyata keçirdiyi məhkəmə-hüquq islahatları ölkədə müasir beynəlxalq standartlara cavab verən hüquq sisteminin formalaşdırılmasına, inkişaf etmiş demokratik dövlətlərin müsbət cəhətlərini özündə birləşdirən üçpilləli məhkəmə sisteminin qurulmasına, prokurorluq orqanlarının tam yenilənərək müasir məzmunlu sivil bir orqana çevrilməsinə əsas yaratmışdır.
Baş prokuror demişdir ki, dövlət quruculuğu və idarəetmə prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq hər bir strukturun fəaliyyətinə və inkişafına böyük diqqət göstərən ümummilli lider Heydər Əliyevin prokurorluq orqanlarının inkişafında müstəsna rolu olmuşdur. Ümummilli Lider prokurorluq orqanlarının işinin təmin edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinə xüsusi qayğı göstərmişdir.
Bildirilmişdir ki, cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan Prokurorluğunun həyatında yeni bir mərhələnin, hərtərəfli müasirləşmə və təkmilləşmə dövrünün əsası qoyulmuşdur. Azərbaycan Prokurorluğunun 90 illik yubileyi ərəfəsində dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq öz inkişafının yeni mərhələsinə qədəm qoyan prokurorluq orqanlarında bu istiqamətdə həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən daha geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır.
Natiq demişdir ki, bu gün Heydər Əliyev ideyalarına və xalqına sadiqliyini əməli işləri ilə tam sübuta yetirən və öz dövlətçilik fəaliyyətində varisliyi təmin edən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həmin ideyaların reallaşdırılması istiqamətində məqsədyönlü və yeni məzmunlu daxili və xarici siyasət həyata keçirilir. Prezident İlham Əliyevin 2003-cü ildən etibarən dövlətimizin başçısı kimi uğurlu fəaliyyəti bir daha göstərir ki, Heydər Əliyev ideyaları yaşayır və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdiləşdirilməsini və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər sayəsində bütövlükdə Azərbaycanın, habelə hər bir bölgənin, şəhər və rayonun, kəndin hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmuşdur. Sivil dövlətin və formalaşdırılmış demokratik vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsi istiqamətində inamlı addımlar atılmış, ümumbəşəri dəyərlərə sadiqliyini sübut edən Azərbaycanda yeni məzmunlu mütərəqqi islahatlar daha da dərinləşdirilmişdir. Dünya birliyinə sürətlə inteqrasiya olunan Azərbaycan regionun lider dövləti statusunu özündə saxlamışdır. İqtisadi inkişaf göstəricilərinə görə dünyanın aparıcı ölkələri sırasında olan yerimiz qorunub saxlanılmış, böyük enerji layihələrinin reallaşdırılması, Azərbaycanın dünya kommunikasiya sisteminin tərkib hissəsinə çevrilməsi istiqamətində inamlı addımlar atılmışdır.
Bütün bunlar son nəticədə Azərbaycanın iqtisadi cəhətdən tükənməz qüdrətini və müstəqilliyini təmin etməklə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə gətirib çıxarmışdır.
Cari il oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki çıxışında qeyd etdiyi kimi, iqtisadi inkişaf templərinə görə son 10 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Bu illər ərzində ölkəmiz uğurlu iqtisadi inkişafa, ümumi daxili məhsulun əhəmiyyətli artımına nail olmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsiplərinə, ölkəmizin mənafeyinə uyğun şəkildə sülh yolu ilə tənzimlənməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş tədbirlər işğal edilmiş torpaqlarımızın azad olunacağına möhkəm inam yaratmışdır. Təsadüfi deyildir ki, İlham Əliyevə hədsiz rəğbəti olan Azərbaycan xalqı seçkilərdə yüksək fəallıqla iştirak edərək 2013-cü ildə yenidən ona böyük etimad göstərək növbəti 5 ilə Azərbaycan Respublikasının Prezidenti seçmişdir.
Çıxışının sonunda Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi əmin etmişdir ki, sivil və demokratik məzmunlu dövlət təsisatı kimi yenidən formalaşmasına görə ulu öndər Heydər Əliyevin şəxsiyyətinə borclu olan Azərbaycan Prokurorluğunun kollektivi onun ideyalarına sadiqdir və bütün səylərini həmin ideyaların həyata keçirilməsinə, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.
Mərasimin sonunda "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış "Əbədiyyət: Heydər Əliyev və dövlət quruculuğu" adlı sənədli film nümayiş etdirilmişdir.