...

Gəncə Şəhər İcra Hakimiyyəti ulu öndərin anım gününə həsr olunmuş tədbir keçirib (FOTO)

Cəmiyyət Materials 11 Dekabr 2013 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Bu gün YAP Gəncə şəhər təşkilatının qərargahında Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, məsul işçiləri, YAP Gəncə şəhər təşkilatının İdarə heyəti və Şura üzvləri, ağsaqqallar, ziyalılar, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açıb.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

E.Vəliyev sözünə davam edərək, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə böyük məhəbbətlə doğma xalqının xoşbəxt gələcəyini təmin edən, onun işıqlı arzularını gerçəkləşdirən ulu öndər Heydər Əliyevin mənalı həyatından və misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, müstəqil Azərbaycan məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixi bir yol qət edərək, zamanın çətin sınaqlarından şərəflə çıxıb, sabit, davamlı inkişaf yolunu müəyyənləşdirib. Ümummilli liderin zəngin və müdrik siyasi kursunun uğurları ölkəmizi regionda qüdrətli və güvənli dövlətə çevirib.

Hələ sovetlər dönəmində Azərbaycan müstəqil ölkə olmasa da, dünya miqyaslı siyasətçi Heydər Əliyevin səyləri nəticəsində neft sənayesinin və onunla bağlı digər sənaye sahələrinin inkişaf etdirilməsi üçün addımlar atılıb.

Müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyasının müəllifi dahi şəxsiyyət Heydər Əliyevin və onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sahədə gördüyü işlər genişmiqyaslıdır. Ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramları qəbul edilib.

"Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyən ulu öndərimiz Heydər Əliyev öz vədinə sadiq qalaraq, ömrünün sonunadək doğma xalqına, Vətəninə fədakarlıqla xidmət etdi.

Uzaqgörən siyasətçi Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə qədim Gəncə şəhərinə, gəncəlilərə tükənməz qayğı və diqqət göstərib. Onun siyasi kursunun həyata keçirilməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində şəhərimiz inkişaf edərək, respublikamızın ikinci böyük sənaye və mədəniyyət mərkəzinə çevrilmiş və bu gün Avropa standartları səviyyəsində tanınan gözəl şəhər olub.

Ulu öndərimiz xüsusən gələcəyimiz olan gənclərə böyük ümidlər bəsləyir və onların səmərəli fəaliyyətinə geniş imkanlar yaradırdı. Ölkə başçısı cənab İlham Əliyev ümummilli liderimizin ənənələrini davam etdirərək, gənclərin hərtərəfli inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirir, proqram və sərəncamlar imzalayır. Gəncə gəncləri də gənclər siyasətinin uğurlarından bəhrələnir və ulu öndərimizin siyasi kursuna sadiqlik nümayiş etdirir, ölkəmizdə gedən ictimai-siyasi proseslərin önündə addımlayırlar. "Gənclər Paytaxtı" adını şərəflə daşıyan Gəncə bu yaxınlarda Avropa Gənclər Paytaxtı müsabiqəsinin də qalibi olub və Gəncə gəncləri bu etimadı davamlı nailiyyətlərində layiqincə doğruldacaqlar.

Sonra tədbir iştirakçıları Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında rejissor Vaqif Şərifovun quruluş verdiyi, Aydın Murovdağlının "Alın yazısı" poeması əsasında ədəbi-bədii kompozisiyaya tamaşa etdilər. Xalq artisti Pərvanə Qurbanovanın, əməkdar artist Məmmədəli Balayevin, aktyorlardan Elşad Əhmədovun, Samir Abbasovun, Sevda Orucovanın, Elxan Abbasovun, Mətləb Təhmasinin, Yusif Səfərovun ifaları hamının marağına səbəb oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti