...

Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı yeni qurum yaradılıb

Cəmiyyət Materials 26 Dekabr 2013 11:04 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət olan Əməkdaşlıq Şəbəkəsi (Şurası) yaradılıb.
Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı yeni qurum yaradılıb

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət olan Əməkdaşlıq Şəbəkəsi (Şurası) yaradılıb.

Trend-in məlumatına görə, Əməkdaşlıq Şəbəkəsinin (Şurasının) ilk toplantısında çıxış edən Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Aparat rəhbəri Vilayət Hüseynov bildirib ki, görüşün məqsədi Komisiya ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müzakirə olunmasıdır.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi nəzərdə tutulub. Bununla əlaqədar Komissiyanın sədri tərəfindən dövlət qulluğuna qəbulda şəffaflığın təmin edilməsinə dair Əməkdaşlıq Şəbəkəsinin (Şurasının) yaradılması haqqında əmr imzalanıb.

Milli Fəaliyyət Planı barədə geniş məlumat verən Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseynli isə qeyd edib ki, dövlət qulluğuna qəbul məsələsində vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edilir. Belə ki, dövlət qulluğuna 957 nəfərin seçilməsi məhz onların iştirakı ilə baş tutub. Bundan əlavə, dövlət qulluğuna qəbulun cəmiyyətdə təbliğ olunması ilə bağlı geniş informasiyalar təqdim olunur. Artıq 11-dən artıq ali məktəbdə tələbələr arasında bu istiqmətdə müxtəlif maarifləndirici işlər aparılıb.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yarandığı ilk gündən QHT-lərlə əməkdaşlığa üstünlük verdiyini deyən Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini və daha da genişləndiriləcəyini deyib. Onun sözlərinə görə, bu şəbəkə QHT nümayəndələrinin Komissiyanın dövlət qulluğuna qəbulla bağlı təşkil etdiyi test imtahanları və müsabiqələrdə sərbəst şəkildə iştirak etməsinə zəmin yaradır.

Görüşdə çıxış edən QHT nümayəndələri belə bir Şəbəkənin yaradılmasını alqışladıqlarını bildirib, eləcə də müxtəlif fikir və təkilfərini irəli sürüblər.

Görüşdə Əməkdaşlıq Şurasının üzvləri qurumun Əsasnaməsinin hazırlanması, onun koordinatorunun seçilməsi, o cümlədən funksiyalarının müəyyənləşdirilməsinə dair ilkin razılığa gəliblər.

Toplantıda Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən tətbiq olunan elektron xidmətlərin təqdimatı da keçirilib.

Səsvermə yolu ilə "Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev yeni qurumun koordinatoru seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti