...

Bayram günlərində Bakıda təcili tibbi yardım xidmətlərinə edilən çağırışlar daha çox uşaqlarla bağlı olub

Cəmiyyət Materials 6 Yanvar 2014 11:46 (UTC +04:00)
Bayram günlərində Bakıda təcili tibbi yardım xidmətlərinə edilən çağırışlar daha çox uşaqlarla bağlı olub.
Bayram günlərində Bakıda təcili tibbi yardım xidmətlərinə edilən çağırışlar daha çox uşaqlarla bağlı olub

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Bayram günlərində (dekabrın 30-dan yanvarın 6-dək) Bakıda təcili tibbi yardım xidmətlərinə edilən çağırışlar daha çox uşaqlarla bağlı olub. Bu barədə Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

Onun sözlərinə görə, 2013-cü ilin dekabrın 30-dan 2014-cü ilin yanvarın 6-dək BŞTTTYS-yə 16 500-ə yaxın müraciət daxil olub. Gün ərzində stansiyaya 2000-3000 müraciət edilib. Müraciətlərin çoxu uşaqlarda kəskin respirator xəstəliklərlə bağlı olub.

Z.Vahidova deyib ki, əgər adi günlərdə stansiyaya uşaqlarla bağlı 200-220 müraciət daxil olurdusa, bayram günlərində belə cağırışların sayı 450, bəzən isə 480-ə catıb. Bayram günlərində böyük yaşlı insanlar isə daha çox arterial təzyiqlərindən şikayət etdikləri üçün təcili tibbi yardım xidmətlərinə müraciət ediblər.

Z.Vahidova cağırışların sayının artmasını bayram günlərində poliklinikaların işləməməsi ilə izah edib.

Şöbənin böyük həkimi onu da əlavə edib ki, Yeni il bayramı günlərində mədə-bağırsaq sisteminin pozğunluqları və qida zəhərlənmələri ilə əlaqədar edilən müraciətlərin sayında artım baş verməyib. Adi günlərdə olduğu kimi, bayram günlərində də mədə-bağırsaq sisteminin pozğunluqları və qida zəhərlənmələri ilə əlaqədar stansiyaya gün ərzində 1-3 müraciət daxil olub.

Z.Vahidova Yeni il bayramı günlərində belə müraciətlərinin sayının artmamasının səbəbini daha çox hava şəraitinin soyuq keçməsi və qidaların da soyuq şəraitdə saxlanılması ilə izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti