...

Penitensiar Xidmətin fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

Cəmiyyət Materials 29 Yanvar 2014 20:05 (UTC +04:00)
Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2013-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Penitensiar Xidmətin fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2013-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müşavirədə Penitensiar Xidmətin rəhbərliyi, tabe qurumların rəisləri, habelə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev qeyd edib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müəyyən nəticələr əldə edilib, habelə mövcud nöqsanların aradan qaldırılması üzrə tədbirlər, həmçinin "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar tədbirlər davam etdirilib.

Qeyd edilib ki, Penitensiar Xidmətin 2012-ci ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov müxtəlif xidmət sahələrindəki nöqsan və çatışmazlıqları şəxsi heyətin nəzərinə çatdıraraq, onların qısa müddət ərzində aradan qaldırılması üçün zəruri tədbirlərin həyata keçirilməsini tapşırıb. Nöqsanların aradan qaldırılması ilə əlaqədar Penitensiar Xidmət üzrə tədbirlər planı təsdiq olunub və əsasən icra edilib.

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" 7 may 2013-cü il tarixli qərarının vaxtında icra edilməsi üçün zəruri tədbirlər həyata keçirilib və iki mindən artıq məhkuma tətbiq edilib.

09.10.2013-cü il tarixdə ölkədə olduğu kimi, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabe qurumlarında da Azərbaycan Prezidentinin seçkiləri keçirilib, xidmət üzrə təşkil edilmiş seçki məntəqələrində təqsirləndirilən şəxslər, məhkumlar, eləcə də həqiqi hərbi xidmətdə olan şəxslər yerli və beynəlxalq müşahidəçilərin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştiraklı ilə azad və sərbəst səsvermə yolu ilə öz seçki hüquqlarını həyata keçiriblər. Onların tam əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyib və ən layiqli namizəd hesab edərək ona səs veriblər.

2013-cü ildə penitensiar sistemin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması və saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılması üzrə ardıcıl həyata keçirilən tədbirlər çərçivəsində Şəki şəhərində inşa edilmiş yeni, müasir tipli penitensiar kompleks istifadəyə verilib. Yeni müəssisənin təsdiq edilmiş ştat bölgüsünə əsasən şəxsi heyətlə komplektləşdirmə işi aparılıb və müəssisə 2013-cü ilin dekabr ayından fəaliyyətə başlayıb.

Hesabat məruzəsi ətrafında Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Malik Ələkbərov, habelə bir sıra cəzaçəkmə müəssisələrinin rəhbərləri çıxış ediblər.

Əməliyyat müşavirəsinə yekun vuran ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı M.Quliyev şəxsi heyətin adından ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri F.Məmmədovu əmin edib ki, Penitensiar Xidmət əməkdaşları əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də qarşıda duran vəzifələri daha yüksək səviyyədə icra etmək məqsədi ilə səy və bacarıqlarını əsirgəməyəcək, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında irəli sürdüyü tapşırıqları layiqincə yerinə yetirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti