...

Əli Əhmədov: Bugünkü Azərbaycan gəncliyi ölkəmizin gələcək inkişafında öz məsuliyyətini dərk edir (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2014 13:10 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi 2 fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirib.
Əli Əhmədov: Bugünkü Azərbaycan gəncliyi ölkəmizin gələcək inkişafında öz məsuliyyətini dərk edir  (FOTO)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi 2 fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirib.

Trend-in məlumatına görə, tədbirdə Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, YAP icra katibjnin müavini Siyavuş Novruzov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, millət vəkilləri, media qurumlarının rəhbərləri və nümayəndələri, Birliyin üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan S.Orucov Gənclər Gününün tarixi haqqında məlumat verib. O bildirib ki, bu günün əsası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə ölkəmizdə keçirilən Gənclərin I forumunda təsis edilib. Onun sözlərinə görə, dünya ölkələri arasında Azərbaycan ilk ölkədir ki, gənclər üçün xüsusi gün ayrılıb: "Bu günün təsis edilməsi ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının əsas göstəricilərindən biridir. Bu gün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı nəinki Azərbaycanda, eləcə də beynəlxalq səviyyədə özünü göstərir. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti artıq bir çox Avropa və dünya ölkələrinə nümunə ola biləcək səviyyəyə gəlib çatıb. Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı elm, təhsil, dövlətçilik, mədəniyyət, idman və digər sahələrdə özünü göstərir".

2 fevral - Gənclər Günü ilə bağlı bütün gəncləri təbrik edən S.Orucov hər kəsə uğurlar arzu edib.

Tədbirin davamında YAP Gənclər Birliyinin ötənilki fəaliyyətini əks etdirən hesabat xarakterli foto-slayd təqdim edilib.

Daha sonra tədbirdə çıxış edən Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Ə.Əhmədov bildirib ki, bu günün yaranmasından 20 ilə yaxın vaxt keçir: "Tədbirin bu günə salınması da təsadüfi deyil. Bu illər ərzində Azərbaycanda gənclərin təhsil alması, inkişafı, işlə təmin olunması, müasir dünyaya inteqrasiya etməsi, bütövlükdə müasir biliklərə yiyələnməsi və müasir dəyərlərə malik olan vətəndaş kimi tərbiyə alıb böyüməsi istiqamətində böyük işlər görülüb. Bu işlər bu gün də görülməkdədir. Bu gün ləyaqətli, dəyərli Azərbaycan mentalitetini mənimsəmiş, bu dəyərlər əsasında fəaliyyət göstərməyə hazır olan, Azərbaycanın gələcəyini daha da inkişaf etdirmək zərurətini və məsuliyyətini dərk edən gənc nəslin yetişdiyini qeyd edirik. Onu da məmuniyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycanın dəyərli gənclərinin əhəmiyyətli hissəsi YAP Gənclər Birliyinin sıralarında yerləşib. YAP-ın 600 mindən çox üzvünün təxminən 40 faizini gənclər təşkil edir. Onlar yüksək təhsil və biliklərə yiyələnmiş, ulu öndərin siyasətinə sadiq olan gənclərdir. Biz inanırıq ki, bugünkü Azərbaycan gəncliyi ölkəmizin gələcək inkişafında öz məsuliyyətini dərk edir".

Daha sonra çıxış edən Milli Məclisin vitse-spikeri B.Muradova gəncləri təbrik edərək söyləyib ki, bu günün təşəbbüskarı olan ümummilli lider Heydər Əliyev milləti irəli aparan gənclərlə bağlı çox iş görüb: "Yadımdadır ki, o zaman partiya yarananda da ora gənclər gəlirdi. Lakin o zamanın gəncləri ilə indiki gənclər arasında çox fərq var. Mən daha çox bugünkü gənclərə üstünlük verirəm. Bugünkü gənclik özünün parlaq dövrünü yaşayır. Müasir gənclərin özünə inamı bizdən daha çoxdur. Azərbaycanın gələcəyi ilə bağlı qəbul edilən qərarların məsuliyyəti siz gənclərin üzərinə düşür. İnanıram ki, siz buna hazırsınız. Mən bu gün arxamda gəncliyi hiss edirəm. Düşünürəm ki, yaşlı nəsil öz yerini rahat şəkildə gənclərə verəcək, çünki bugünkü gənclərə inam çox böyükdür. YAP Gənclər Birliyi gənclər təşkilatları arasında öz işi və fəaliyyətinə görə fərqlənir və mən deyərdim ki, ilk pillədə dayanır. Siz əldə etdiyiniz bütün uğurları öz zəhmətiniz sayəsində əldə etmisiniz. Bu sizin halal haqqınızdır. Mən bütün gəncləri bayram münasibətilə təbrik edirəm".

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. O bildirib ki, son 10 ildə gənclər sahəsinə yatırılan investisiya 100 dəfə artıb.

Daha sonra söz alan təhsil nazirinin müavini Ceyhun Bayramov ölkədə gənclərə təhsil almaları üçün yaradılan imkanlardan danışıb. Onun sözlərinə görə, 2007-ci ildən etibarən həyata keçirilən xaricdə təhsil proqramı üzrə 2625 gənc bu imkandan istifadə edib.

Tədbirin davamında YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova çıxış edərək gəncləri bu gün münasibətilə təbrik ediblər.

Tədbirin sonunda bir qrup jurnalistə və ötən il Birliyin fəaliyyətində aktivlik nümayiş etdirən gənclərə mükafatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti