Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə Psixoloqlar Assosiasiyasının məlumatına görə, ölkədə xərçəng xəstələrinin sayı arta bilər. Trend-in məlumatına görə, bu barədə "Al Jazeera Turk" telekanalının saytında yerləşdirilən xəbərdə deyilir.
Məlumatda qeyd edilir ki, son beş il ərzində Türkiyədə xərçəng aşkar olunan xəstələrin sağ qalma göstəricisi 50 faizədək artıb.
Türkiyə Psixoloqlar Assosiasiyasının məlumatında deyilir ki, xəstəliyin müalicəsində psixoloji dəstək müstəsna rol oynayır.
Türkiyə-Avropa Cərrahiyyə Mərkəzinin məlumatına görə, Türkiyədə hər beş qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir. Son illər ərzində Türkiyədə xərçəngin bu növündən əziyyət çəkən qadınların sayı kəskin şəkildə artıb.
Türkiyənin Səhiyyə Nazirliyinin statistikasında deyilir ki, 2012-ci ildə ölkədə xərçəng xəstələrinin sayı 1 milyon 234 min 328 nəfər olub.
Statistik məlumatlara əsasən, 2012-ci ildə xərçəng xəstələrinin ümumi sayından 487 min 551 nəfərini kişilər, 746 min 777 nəfəri isə qadınlar təşkil edib.
Son illərin müşahidələri göstərir ki, nisbətən daha çox sayda xərçəng xəstələrinə Türkiyənin Mərmərə dənizi regionunda rast gəlinir.