...

Qaradağ rayon İcra Hakimiyyəti hesabat yığıncağı keçirib (FOTO)

Cəmiyyət Materials 4 Fevral 2014 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Qaradağ rayon İcra Hakimiyyətinin 2013-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 09 yanvar 2014-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.

Yığıncağın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı Ağalar Vəliyev, rayon İcra hakimiyyəti başçısının yanında Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.

Yığıncaqdan öncə tədbirdə iştirak edən qonaqlar ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular.

Qaradağ rayonunun 2013-cü ildə əldə etdiyi uğurlardan bəhs edən qısametrajlı film nümayiş olundu.

Hesabat yığıncağında "Qaradağ Rayon İcra Hakimiyyətinin 2013-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunları üzrə hesabatı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 09 yanvar 2014-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr barədə" rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılovun məruzəsi dinlənildi.

Məruzədə qeyd olundu ki, ötən ilin yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 518 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 35,6 milyon manat olmuşdur. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 720 milyon manat investisiyadan istifadə edilmişdir. Bu 2012-ci ilə nisbətən 70,3 faiz çoxdur. İstifadə olunmuş vəsaitin 610,9 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 448,7 min ton xam neft və 545,2 milyon kub metr təbii qaz hasil olunmuşdur. Rayon üzrə 1,8 milyon ton sement istehsal edilmişdir.

Hesabat ilində nəqliyyat sektorunda 35,7 milyon manatlıq xidmətlər göstərilmişdir. Rabitə xidmətlərinin həcmi 1,9 milyon manat təşkil etmişdir.

Pərakəndə əmtəə dövriyyəsi 1,9 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər 86,7 milyon manat olmuşdur.

Hesabat ilində rayonumuzda orta aylıq əmək haqqı 736,3 manata, sənayedə çalışanların isə 1036,2 manata çatmışdır.

Ötən il ərzində 974 ailəyə (3955 nəfər) orta hesabla 115 manat məbləğində ünvanlı sosial yardım verilmiş, əhalinin aztəminatlı təbəqələrinə müxtəlif pensiyalar və müavinətlər ödənilmişdir.

Hesabat ilində rayonda, yeni istehsal müəssisələrinin tikintisi və iş yerlərinin açılması istiqamətlərində işlər görülmüşdür.

Ötən ilin 20 sentyabr - Neftçilər günündə Prezident İlham Əliyevin iştirakı ilə Qaradağ rayonunda müasir standartlara cavab verən Gəmiqayırma Zavodunun açılış mərasimi olmuşdur. 2010-cu il martın 19-da Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş zavod Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərəcəkdir.

Tam fəaliyyətə başlayanda zavodda ilkin olaraq 1250 nəfər işçi çalışacaqdır. Gələcəkdə isə işçilərin sayının 2000 nəfərə çatdırılması nəzərdə tutulur.

Ələtdə Beynəlxalq Dəniz Limanının inşası davam etdirilir. Bütövlükdə ötən il ərzində 1440 yeni iş yeri açılmışdır.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbiri Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirərək müvəkkil kredit təşkilatları vasitəsilə 22 sahibkarlıq subyektinə 2,4 milyon manat güzəştli kredit verilmişdir.

2013-cü ildə rayon ərazisində Metanol zavodunun tikintisi də başa çatmışdır. Zavod nəinki respublikamızda, eləcə də Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən biri sayılır.

Hesabat ilində əhalinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətlərində icrası hesabat ilində yekunlaşmış "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən rayonumuzda da xeyli işlər görülmüşdür.

Belə ki, ötən il rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 6 ədəd yeni kompleks transformator məntəqəsi, 2 ədəd yeni transformator məntəqəsi, 3 ədəd yeni yağ açar, 107 transformator məntəqəsi təmir edilmiş, 90016 metr hava, 10702 metr kabel xətləri çəkilmişdir. Artıq rayon üzrə sayğaclaşma 99,5 % icra edilmişdir. Yeni izolyasiyalı sib-kabel xətlərinin çəkilişi rayon üzrə demək olar ki artıq başa çatmışdır.

Qaz İstismar Sahəsi rayon ərazisində qaz təchizatını yaxşılaşdırmaq məqsədi ilə 8 ədəd yeni qaz tənzimləyici şkafı quraşdırılmış, 14 ədəd köhnə qaz tənzimləyici şkafı, 41 ədəd siyirtmə yenisi ilə əvəz etmişdir. Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin etmək məqsədi ilə müxtəlif diametrli 120 750 p/metr mövcud qaz xətti yenisi ilə əvəz edilmişdir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq "Azəriqaz" İstehsalat Birliyinin Təmir Tikinti İdarəsi və digər podratçı təşkilatlar tərəfindən rayon ərazisində müxtəlif diametrli 118 min p/m yeni qaz xətti çəkilmişdir. 2013-cü ildə əhali tərəfindən istehlak olunan elektrik enerjisinin dəyəri 103,1 faiz, təbii qazın dəyəri 104 faiz ödənilmişdir.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq istilik enerjisi ilə təchizat sahəsində işlər davam etdirilmişdir. Belə ki, ötən qış mövsümündə rayon üzrə 10 saylı istilik sahəsi tərəfindən 93 bina, 10 orta məktəb, 5 uşaq bağçası və 3 səhiyyə obyekti istiliklə təmin olunmuşdur.

Bununla yanaşı hesabat ilində əhalinin içməli su təchizatının və kanalizasiya xidməti ilə təminatının normallaşdırılması üçün bir sıra işlər görülmüşdür.

Belə ki, ötən il ərzində Qaradağ Su Kanal Departamenti tərəfindən 9044 p/m müxtəlif diametrli su xətti dəyişdirilmiş və 45 ədəd siyirtmə quraşdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son illərdə geniş miqyaslı abadlıq-quruculuq işləri rayonumuzda vüsət almışdır.

2013-cü ildə rayon əhalisinin asudə vaxtının səmərəli təşkili üçün də xeyli işlər görülmüşdür.

Belə ki, Lökbatan, Sahil, Qızıldaş, Ələt, Səngəçal, Müşfiqbad və digər qəsəbələrdə nümunəvi həyətlərin salınması işləri görülməkdədir. Artıq Lökbatan, Sahil və Müşfiqabad qəsəbələrində 6 məhəllə abadlaşdırılmış, orada xeyir-şər evləri tikilmiş və müvafiq avadanlıqla təchiz edilərək əhalinin istifadəsinə verilmişdir. Bundan əlavə 2 uşaq şəhərciyi salınmış, orada uşaqların istirahətinin maraqlı keçməsi məqsədi ilə 2 uşaq kölgəliyi, 13 ədəd qoşa yelləncək, 13 ədəd balanslı tərəzi yelləncək, 5 ədəd asma turnik, 31 ədəd oturacaq quraşdırılmışdır. Ətrafda müxtəlif növ dekorativ ağac və gül kolları əkilmişdir.

Qaradağ rayonunun şimal-şərq (Yasamal və Səbail rayonu - Qurd qapısı girişi) tərəfindən olan girəcəyi və Bakı-Astara (Qazax) magistral avtomobil yolunun Sahil qəsəbəsinin inzibati ərazisindən keçən hissəsində 2 hektar ərazinin abadlaşdırılması işləri görülür. Həmin əraziyə torpaq daşınmış və yeni yaşıllıq zolaqlarının salınması üçün işlər görülməkdədir.

Uzun müddətdir əhalinin haqlı narazılığına səbəb olan Binə Ticarət Mərkəzinin qarşısından keçən yol əsaslı şəkildə təmir edilmiş, yolun hər iki zolağına asfalt döşənmiş və əhalinin istifadəsinə verilmişdir. Hal-hazırda son tamamlama işləri aparılır.

Sahil qəsəbəsinin ərazisində yerləşən Qaradağ dəmiryol stansiyası ərazisində istinad divarları hörülmüş, bu ərazidə abadlıq işləri aparılmışdır. Qaz Emalı zavodunun ərazisində yeni yaşıllıq zolağı salınmışdır.

Bakı-Astara magistral avtomobil yolunun rayon ərazisindən keçən sol və sağ hissələrinin kənarlarında nəzərdə tutulmuş istinad divarlarının tikintisi davam etdirilmişdir. Belə ki, ötən il burada 3053 kv.m hörgü, 679 kub.metr beton işləri görülmüş, 2885 kv.metr aqlay vurulmuşdur.

Bundan əlavə yolun kənarından istinad divarlarına qədər olan məsafədə mövcud boşluqların doldurulması üçün 171040 kub.metr torpaqlı çınqıl əraziyə daşınaraq yayılmışdır. Ümumilikdə rayon ərazisində 55 702 kv.metr sahədə yaşıllıq işləri aparılmış, ötən 2013-cü ildə 2 mindən artıq ağac və bəzək kolları əkilmişdir.

Rayon ərazisində olan yollara və məhəllədaxili həyətlərə ötən il ərzində 241 017 kv.m. asfalt döşənmiş, 101 200 kv.metr sahədə asfalt altı hazırlıq işləri görülmüşdür. Eyni zamanda yararsız vəziyyətdə olan küçələrə 3000-ə yaxın maşın çınqıl və daş qırıntıları tökülərək yayılmış, 67596 p/metr beton bordür qoyulmuş, 2920 p/m səki mişar daşı ilə hörülmüşdür. Çoxmərtəbəli yaşayış binalarının giriş qəfəslərinə 27 qapı, 544 pəncərə, 285 ədəd küçə işığı quraşdırılmışdır.

Uzun illərdən bəri fasadları və dam örtükləri yararsız vəziyyətdə olan 28 518 kv.m. dam örtüyü yenidən vurulmuşdur.

Qobustan qəsəbəsində yanğın nəticəsində sıradan çıxmış, eləcə də digər qəzalı evlərdə yaşayan sakinlərin köçürülməsi üçün 40 mənzilli beşmərtəbəli binanın tikintisi başa çatdırılmış və sakinlərin istifadəsinə verilmişdir.

Hal-hazırda müvafiq Dövlət Proqramına əsasən rayon ərazisində mövcud olan göllərin qurudulması üçün zəruri işlər görülür. Belə ki, Lökbatan qəsəbəsinin inzibati ərazisində yer ayrılmış və "Hidrolotos" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təmizləyici gücü sutkada 200 min kub.metr olan qurğunun tikinti işləri davam etdirilməkdədir.

"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Lökbatan, Korgöz, Qızıldaş, Ümid, Qobustan, Ələt qəsəbələrində və Korgöz qəsəbəsinin AZNS, Ümid qəsəbəsinin Yeni yaşayış massivi və Sahil qəsəbəsinin Sement zavodu evləri ərazisində sel sularının qarşısının alınması məqsədi ilə kanalların çəkilməsi nəzərdə tutulmuşdur.

Prezidentin təşəbbüsü ilə yaradılmış "Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım fondu" tərəfindən 3800 məcburi köçkün, qaçqın, şəhid, əlil və aztəminatlı ailələrə "Novruz" bayramı, ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi, 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təxminən 30,4 ton müxtəlif növ ərzaq məhsullarından ibarət yardımlar paylanmışdır.

Qaradağ rayonu ərazisində ötən il ərzində təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə bir çox işlər görülmüşdür.

Hazırda Lökbatan qəsəbəsindəki 7 nömrəli Bakı Peşə məktəbinin tikintisi davam etdirilir, Puta qəsəbəsindəki 326 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni binanın və Müşfiqabad qəsəbəsindəki 274 nömrəli tam orta məktəb üçün əlavə tədris korpusunun tikintisi isə başa çatdırılmışdır.

Dövlət Proqramına əsasən 2013-cü Ələt qəsəbəsindəki 300 və Puta qəsəbəsindəki 326 nömrəli körpələr evi uşaq bağçaları üçün hər biri 120 yerlik olmaqla yeni binaların inşası, Lökbatan qəsəbəsindəki "Sevinc" və "Bülbül," Sahil qəsəbəsindəki "Aynur" körpələr evi uşaq bağçalarının əsaslı təmiri, Müşfiqabad qəsəbəsindəki 274 nömrəli tam orta məktəbi üçün əlavə tədris korpusunun tikintisi başa çatdırılmış və istifadəyə tam hazır vəziyyətə gətirilmişdir. Hazırda Lökbatan qəsəbəsindəki 7 nömrəli Bakı Peşə məktəbi üçün yeni binanın, Ümid qəsəbəsindəki 294 nömrəli tam orta məktəbi üçün əlavə tədris korpusunun tikintisi davam etdirilir. Eyni zamanda Lökbatan qəsəbəsindəki D.Bəkirov və V.Əsədov adına, Sahil qəsəbəsindəki "Nağıl" və 301 nömrəli körpələr evi uşaq bağçalarının əsaslı təmir işləri davam etdirilir.

Bu il Qaradağ rayonunda 1206 nəfər orta məktəbi bitirmişdir. Onlardan 944 nəfər ali məktəbə sənəd vermiş, 447 nəfəri ali məktəblərə qəbul olmuşdur. Məzunlardan 18 nəfəri 600-dən yuxarı bal toplamışdır. 600-dən yuxarı bal toplayan məzunlarla rayon İcra hakimiyyətində görüş keçirilmiş, onlara pul mükafatı, noutbuk və xatirə hədiyyələri verilmişdir.

Ötən tədris ilinin yekunlarına görə rayonun Ələt qəsəbəsindəki 110 və Sahil qəsəbəsindəki 319 nömrəli tam orta məktəbləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ötən tədris ilində ilin ən yaxşı təhsil müəssisəsi müsabiqəsinin qalibi olmuşlar.

Yeni qəbul edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən Qızıldaş qəsəbəsində 180 nömrəli tam orta məktəbin əsaslı təmiri və 15 əlavə sinif otağının tikintisi, Qobustan qəsəbəsində 223 nömrəli tam orta məktəbin əsaslı təmiri, Lökbatan qəsəbəsində 288 nömrəli tam orta məktəbin idman meydançasının yenidən qurulması və əlavə 20 sinif otağının tikintisi, Ələt qəsəbəsində 303 nömrəli məktəbin köhnə korpusunun cari təmiri, akt zalının tikintisi və idman meydançasının yaradılması, Lökbatan qəsəbəsində 960 şagird yerlik yeni məktəbin tikintisi, Qızıldaş qəsəbəsinin Şonqar yaşayış massivində 196 yerlik ümumi orta məktəbin tikintisi, Müşfiqabad qəsəbəsində 286 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmiri, Lökbatan qəsəbəsində "Çiçək" körpələr evi-uşaq bağçasının əsaslı təmiri, Sahil qəsəbəsində "Qaranquş" körpələr evi-uşaq bağçasının əsaslı təmiri, Qobustan qəsəbəsindəki "Gəlincik" körpələr evi-uşaq bağçasının sökülərək 80 yerlik yeni binanın tikintisi və Qobustan qəsəbəsindəki "Şəngülüm" körpələr evi-uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulmuşdur.

Hesabat ilində rayonda səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün də müəyyən işlər görülmüşdür.

İcrası hesabat ilində yekunlaşmış Dövlət Proqramına uyğun olaraq rayonun Lökbatan qəsəbəsindəki 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanası açılışa tam hazır vəziyyətdədir. Həmin xəstəxananın poliklinika şöbəsi, Puta qəsəbəsindəki 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının və Müşfiqabad qəsəbəsində 13 nömrəli Şəhər Poliklinikasının əsaslı təmiri başa çatdırılmış və istifadəyə verilmişdir. Hazırda Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının və Lökbatan qəsəbəsindəki 200 çarpayılıq yeni xəstəxana binasının inşası davam etdirilir.

Yeni qəbul edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən Sahil qəsəbəsində 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində uşaq poliklinikası üçün binanın tikintisi nəzərdə tutulmuşdur.

Hesabat ildə sakinlərin asudə vaxtının təşkili istiqamətində də xeyli işlər görülmüşdür. Rayonun mədəni maarif müəssisələri tərəfindən müxtəlif maraqlı tədbirlər həyata keçirilmişdir.

Müvafiq Dövlət Proqramının Tədbirlər Planında nəzərdə tutulmuş mədəniyyət sahəsi üzrə Müşfiqabad qəsəbəsində mədəniyyət evinin, Lökbatan qəsəbəsindəki 9 nömrəli musiqi məktəbi üçün yeni binaların tikintisi işləri davam etdirilir. Qobustan mədəniyyət sarayı əsaslı təmir edilmiş və sakinlərin istifadəsinə verilmişdir.

Dövlət gənclər siyasəti məsələləri də İcra hakimiyyətinin diqqət mərkəzində olmuşdur.

Hal-hazırda Sahil qəsəbəsində Gənclər evinin tikintisi davam etdirilir.

Yeni qəbul edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nına əsasən Lökbatan qəsəbəsində atıcılıq tirinin inşa olunması və rayon ərazisində idman meydançalarının yaradılması nəzərdə tutulmuşdur.

Hesabat ili ərzində gənclər sahəsi üzrə 64, idman sahəsi üzrə 62 tədbir keçirilmiş və bu tədbirlərdə 6570 nəfərin iştirakı təşkil olunmuşdur.

Qeyd etmək lazımdır ki, 9 oktyabr - Prezident seçkilərində rayonun fəal gəncləri aktiv iştirak etmiş, Prezidentin qələbəsini rayonun bütün yerlərində bayram etmişlər.

Hesabat ilində yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi üçün müntəzəm olaraq "Şahin" və "Cəsurlar" hərbi-idman oyunları, "Marş irəli" devizi ilə "Vətənin Müdafiəsinə Hazıram" çoxnövçülük yarışları keçirilmiş, rayon gənclərinin hərbi xidmətə təntənəli yolasalma mərasimləri təşkil olunmuşdur.

Qaradağ Rayon İcra Hakimiyyətinin xüsusi tədbirlər planı əsasında Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü rayonda təntənə ilə qeyd olunmuşdur. Bundan əlavə ötən il ərzində rayonda 2 beynəlxalq konfrans keçirilmişdir.

Ulu öndərin 90 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasəti" mövzusunda beynəlxalq konfransa Rusiya və Ukraynanın gənclər təşkilatlarının liderləri qatılmışlar. Rayon İcra Hakimiyyətinin və YAP Qaradağ rayon təşkilatının təşəbbüsü ilə fevral ayında keçirilmiş ""Xocalıya ədalət" kompaniyası: Siyasi-hüquqi qiymətləndirmədə beynəlxalq əməkdaşlıq və həmrəylik" mövzusunda beynəlxalq konfransda Qaradağ rayonuna Türkiyədən, Ukraynadan, Bolqarıstandan, Moldovadan beynəlxalq ekspertlər gəlmişlər.

II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları mayın 31-də Qobustan Milli Tarix-Bədii Qoruğunda açıq havada "Qobustan kölgələri" baletinin premyerasına baxmışlar.

Bu tədbirlərdə iştirak edən xarici qonaqlar Azərbaycanda aldığı xoş təəssüratlar barədə Kütləvi İnformasiya Vasitələrinə çoxsaylı müsahibələr vermişlər.

Hesabat ili olan 2013-cü il ərzində rayonun hüquq mühafizə orqanlarının birgə səmərəli və məqsədyönlü fəaliyyətinin nəticəsində rayon ərazisində bütövlükdə ictimai asayişin və sabitliyin qorunması, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi təmin edilmişdir.

Görülmüş operativ tədbirlərin sayəsində rayon ərazisində qeydə alınmış 523 cinayət hadisəsindən 354-nün, başqa sözlə 62,8 faizinin üstü açılmışdır.

Eyni zamanda ötən ildə gənclərin silahlı qüvvələrə dörd çağırışı uğurla başa çatdırılmış və 697 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan etmişdir. Artıq bütün dövlət qurumları kimi, Qaradağ Rayon İcra Hakimiyyəti də vətəndaşların elektron müraciətlərini qəbul edir.

Bu il ilk dəfə qəsəbələri ilə eyni zamanda onlayn müşavirə keçirilmişdir. Onlayn müşavirə zamanı 9 qəsəbədən 150 nəfərə yaxın iştirak edən vətəndaşdan 41-nin müraciəti dinlənilmişdir.

Prezidentin rəhbərliyi ilə qəbul olunmuş müxtəlif Dövlət Proqramlarının icrası Azərbaycan xalqının maddi rifahının yüksəlməsi, ölkənin bütün şəhər və kəndlərinin simasının dəyişməsi və müasirləşməsi ilə də nəticələnmişdir. Sözsüz ki, bu proqram Qaradağ rayonun hərtərəfli tərəqqisinə güclü təkan vermiş və rayonun sosial-iqtisadi problemlərinin böyük əksəriyyəti öz həllini tapmışdır.

Hesabat məruzəsindən sonra gündəlikdəki məsələ üzrə 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rəsul Baxşəliyev və 5 saylı Poçt İdarəsinin müdiri Qurban Hacıyev çıxış etdilər.

Milli Məclisin deputatı Ağalar Vəliyev çıxış edərək 2013-cü il ərzində respublikamızın əldə etdiyi uğurlar haqqında danışdı.
Hesabat yığıncağının işində iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev respublikada görülən işlər barədə ətraflı məlumat verdi.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilmişdir.

Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti