...

Azərbaycanda avtomobilləri qaçıraraq hissələrə ayırıb satmaqda təqsirli bilinən qrup zərərsizləşdirib (FOTO)

Cəmiyyət Materials 6 Fevral 2014 11:19 (UTC +04:00)
Xətai rayon Polis İdarəsinin əməkdaşları avtomobil qaçıraraq hissələrə ayırıb satmaqda təqsirli bilinən 4 nəfərdən ibarət qrupu zərərsizləşdirib.
Azərbaycanda avtomobilləri qaçıraraq hissələrə ayırıb satmaqda təqsirli bilinən qrup zərərsizləşdirib (FOTO)

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İ.İzzət/

Xətai rayon Polis İdarəsinin əməkdaşları avtomobil qaçıraraq hissələrə ayırıb satmaqda təqsirli bilinən 4 nəfərdən ibarət qrupu zərərsizləşdirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, yanvarın 17-də vətəndaş Fəzail Abuşovun "VAZ-2107" markalı avtomobilinin oğurlanması barədə polisə məlumat daxil olub: "Dərhal əməliyyat axtarış tədbirlərinə başlayan polis əməkdaşları avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 23 yaşlı Elvin Həmidovu yaxalayıb. Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki, axşam saatlarında avtomobilə yaxınlaşaraq qapısının açıq olduğunu görüb. Bu zaman maşını işə salaraq qaçırıb".

Məlumatda qeyd olunur ki, Elvin Həmidov avtomobili 1 gün sürdükdən sonra satmaq üçün müştəri axtarıb. O, Zaqatala və Balakən rayonlarında yaşayan tanışları ilə əlaqə yaradaraq maşın üçün müştəri tapıb. Elə həmin gün avtomobili Zaqatalaya - tanışı Vüqar Cavadzadənin yanına aparan Elvin Həmidov maşını 500 manata sataraq Bakıya qayıdıb.

Məlumata görə, əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları avtomobilin satılmasında iştirak edən digər şəxsləri - Balakən rayon sakinləri 32 yaşlı Maqsud Dibirov, 19 yaşlı Rəsul Mahamaxanov və Zaqatala rayon sakini Vüqar Cavadzadəni də yaxalayıb.

Vüqar Cavadzadə ifadəsində bildirib ki, Elvin Həmidov əvvəlcə maşını 1200 manata satmaq istəyib. O da bu barədə tanışı Maqsud Dibirova məlumat verib. Maqsud avtomobili yoxladıqdan sonra 500 manata almağa razılaşıb.

Maqsud Dibirov maşını bir neçə gün sürdükdən sonra izi itirmək qərarına gəlib. O, maşını tanışı Rəsul Mahamaxanova verərək hissələrə ayıraraq satmağı tapşırıb. Beləliklə, Rəsul Mahamaxanov avtomobili 4 gün ərzində hissələrə ayıraraq satmağa hazırlaşıb.

Maşının mühərrik və sürət qutusu, eləcə də sökülmüş digər hissələri saxlanılan şəxsin yaşadığı evin həyətindən aşkarlanaraq götürülüb.

İstintaq araşdırmaları ilə daha sonra müəyyən olunub ki, bu, saxlanılan şəxslərin ilk belə cinayəti deyil. Onlar son bir neçə ayda Bakı şəhərinin müxtəlif ərazilərindən eyni üsulla oğurladıqları avtomobilləri hissələrə ayıraraq satıblar.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Saxlanılan şəxslərin törətdikləri digər cinayətlər araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti