...

Daşkəsəndə 2013-cü ilin yekunlarına həsr edilmiş hesabat yığıncağında Prezident İlham Əliyevin diqqət və qayğısı xüsusi vurğulanıb (FOTO)

Cəmiyyət Materials 11 Fevral 2014 17:19 (UTC +04:00)
Fevralın 11-də Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Daşkəsəndə 2013-cü ilin yekunlarına həsr edilmiş hesabat yığıncağında Prezident İlham Əliyevin diqqət və qayğısı xüsusi vurğulanıb (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Fevralın 11-də Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağından öncə ictimaiyyət nümayəndələrinin iştirakı ilə rayon Statistika idarəsinin yeni müasir inzibati binasının açılışı olmuşdur. Açılış mərasimində iştirak edənlər yeni binada Statistika idarəsinin işçiləri üçün yaradılmış müasir tələblər səviyyəsində olan iş şəraiti ilə tanış olmuşlar.

Sonra yığıncaq iştirakçıları Daşkəsən Rayon İH başçısının hesabat yığıncağı keçirildiyi rayon mədəniyyət evinin foyesində rayonun sosial-iqtisadi inkişafını əks etdirən stendlərdə və rayonda istehsal olunan məhsulların sərgisi ilə tanış olmuşlar. Sərgidə müxtəlif sənaye və kənd təsərrüfatı məhsulları, təbii sərvətlər, dağ-mədən, faydalı qazıntı nümunələri nümayiş etdirilmişdir. Sərgi yığıncaq iştirakçılarında xoş təəssürat yaradaraq, onların böyük marağına səbəb olmuşdur.

Rayon ictimaiyyətinin 300 nəfərdən artıq nümayəndəsinin iştirak etdiyi hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev hesabat məruzəsi ilə çıxış edərək qeyd etdi ki, 2013-cü il də əvvəlki illər kimi sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu illərdən biri olmuşdur.

Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında keçən ilin sosial-iqtisadi inkişafı geniş təhlil edilərək, qarşıda duran vəzifələr göstərilmişdir.

Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2013-cü ildə də Azərbaycan Respublikasında dinamik inkişaf davam etmiş, beynəlxalq aləmdə ölkəmizin nüfuzu daha da artmış, mövqeləri daha da möhkəmlənmişdir.

Əhəd Abıyev hesabat məruzəsində vurğuladı ki, respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2013-cü ildə bir çox uğurlu işlər və nailiyyətlər əldə olunmuşdur.

2013-cü ildə Daşkəsən rayonunda iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən 32,9 faiz artmışdır.2013-cü ildə tikinti 25 milyon 461 min manat (əvvəlki ilə nisbətən 2,9 dəfə çox), kənd təsərrüfatı məhsulları 26 milyon 885 min manat (6,8% çox), nəqliyyat üzrə 2 milyon 632 min manat (2,3% çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 13 milyon 640 min manat (9,4% çox), rabitə xidmətləri üzrə 198 min manat (20% çox) olmuşdur.

Hesabat ilində rayonda əhalinin sayı 248 nəfər artaraq 33 min 653 nəfər olmuşdur. Daşkəsən rayonunda 820 qaçqın ailəsi (3546 nəfər) və 346 məcburi köçkün ailəsi (1222 nəfər) yerləşir. Onlara bir qayda olaraq daim qayğı və diqqət göstərilir.

2013-cü ildə rayonda sənaye müəssisələrində çalışan bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 329 manat, dövlət sektorunda isə 342,4 manat təşkil etmişdir. 2013-cü ildə rayonun büdcəsinin icrası gəlirlər üzrə 99,3 faiz, xərclər üzrə 97,5 faiz yerinə yetirilmişdir.

Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Daşkəsən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç ) milyon manat, "Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 9 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki ) milyon manat ayrılmışdır. Bütün bunlar isə möhtərəm cənab Prezident İlham Əliyevin rayonun inkişafına olan böyük diqqət və qayğının əyani təzahürüdür. Ardıcıl göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə olunmuşdur.

Hesabatda daha sonra bildirilmişdir ki, 2013-cü ildə Çovdar qızıl zavodunun tikintisi davam etdirilmiş, hazırda zavodda son tamamlanma işləri aparılır. Yatağın tam istifadəyə verilməsi burada 300 nəfər əhalinin işlə təmin olunmağına imkan yaradacaqdır.
2013-cü ildə Quşçu qəsəbəsində 16 mənzilli yeni yaşayış binasının, yeni avtovağzal kompleksinin tikintisinə başlanılmış tikinti işləri davam etdirilmiş, İcra Hakimiyyəti üçün yeni müasir tipli inzibati binanın tikintisinə başlanılmış, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır.

Bildirilmişdir ki, rayonun hərtərəfli inkişafı məqsədi ilə "Yeni Daşkəsən" layihəsi işlənib hazırlanmışdır. Bu layihə rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli layihədə aidiyyəti üzrə müvafiq qrumlar qarşısında əsas vəzifə kimi qoyulmuşdur.

Məruzədə bildirilmişdir ki, hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri dövlət sektorunun xüsusi çəkisi 94 faiz təşkil etmişdir.

Rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları, heyvandarlıq üzrə 1 və arıçılıq üzrə isə 1 damazlıq təsərrüfatları fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatlarında 134,5 ton kartof toxumu istehsal edilmişdir.

Qeyd edilmişdir ki, 3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən - Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu proqramın həyata keçirilməsi artıq 2014-cü il Dövlət proqramına daxil edilmişdir.

Rayonun geniş turizm imkanlarının olduğunu bildirərək məruzəçi daha sonra qeyd etdi ki, rayona investorların cəlb olunması üçün əlverişli şərait yaradılmış, yerli resusları nəzərə almaqla digər sahələrlə yanaşı turizmin və sanatoriya-kurort sisteminin inkişaf etdirilməsi ilə əlaqədar işlər davam etdirilir.

Hesabat yığlncağında Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, 5 saylı şəhər Körpələr evi və uşaq bağçasının müdiri Mehriban Rüstəmova, Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev, Çanaqçı İƏDÜN-nin müavini Ramin Ələsgərli çıxış edərək rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında qazanılmış nailiyyətlər haqqında məlumat verərək ,mövcud problemlərin aradan qadırılması üzrə təkliflərini diqqətə çatdırdılar və rayonda aparılan möhtəşəm tikinti, quruculuq, abadlıq işlərinə görə dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər.

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev, millət vəkili Rövşən Rzayev iştirak və çıxış etmişlər.

Yığıncaqda gündəlikdəki məsələ ilə əlaqədar qərar layihəsi və yığıncaq iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti