...

BDU-nun rəhbərliyi yeni qaydalara etiraz edən tələbələrlə görüşüb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 21 Fevral 2014 14:06 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Nazirlər Kabinetinin “Ali məktəblərin bakalavriat və magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları” və təhsil nazirinin həmin qərarların icrası ilə bağlı verdiyi əmrlərin icrasına etiraz edən tələbələrlə görüş keçirib.
BDU-nun rəhbərliyi yeni qaydalara etiraz edən tələbələrlə görüşüb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Nazirlər Kabinetinin "Ali məktəblərin bakalavriat və magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları" və təhsil nazirinin həmin qərarların icrası ilə bağlı verdiyi əmrlərin icrasına etiraz edən tələbələrlə görüş keçirib.

Trend-in məlumatına görə, rektor bildirib ki, qaydalarda bir tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Müvəffəqiyyətlə tədris alan və bütün tədris müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, 81 baldan az toplayan və akademik borcu olan tələbələrə isə ödənişli əsaslarla hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərtilə əlavə fənlər seçməyə icazə verilir. Bu halda əlavə fənlər üzrə ödənişin məbləği ixtisas üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni tələbənin götürdüyü əlavə fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Bu halda təhsil haqqı dedikdə, tələbənin təhsil formasından asılı olaraq, müvafiq ixtisas üçün dövlət sifarişi və ya ödənişli təhsil üzrə müəyyən edilmiş illik təhsil haqqı nəzərdə tutulur.

BDU-nun prorektoru İradə Əliyeva isə deyib ki, tələbə akademik borclarını pul ödəmədən də ləğv etdirə bilər. Çünki hər bir semestrdə tələbənin seçdiyi fənlər üzrə ümumi kreditlərin sayı 30 kreditdən çox olmadıqda hansı fənlərin seçilməsindən asılı olmayaraq, əlavə təhsil haqqı ödənilmir.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev isə qeyd edib ki, bu qərarların icrası Azərbaycan təhsil sisteminin Boloniya prosesinə qoşulmasından irəli gəlir. Azərbaycanda ilk dəfə kredit sistemi 2007-ci ildə bir neçə ali məktəbdə, 2009-cü ildən isə bütün ali məktəblərdə tətbiq edilir.

Bu qərarla yanaşı, hökumət tərəfindən tələbələrin xeyrinə olan digər qərarların da verildiyini nəzərə çatdıran Y.Piriyev deyib ki, tələblər tədrislə bağlı bütün problemləri fakültə dekanları ilə müzakirə etməlidirlər.

Görüş zamanı Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Ramilə Kiçiyeva bu ilin yanvar ayında imtahandan kəsiləndən sonra müəllimin ondan rüşvət tələb etdiyini bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin müvafiq şöbələrində qəbulda olsa da, ona hər hansı cavab verilməyib.

Məsələyə münasibət bildirən rektor Abel Məhərrəmov isə deyib ki, həmin tələbə 4 illik tələbəlik dövründə 3 dəfə universitetdən xaric olunaraq yenidən bərpa olunub. A.Məhhərəmov universitetin hüquqşünasına tapşırıb ki, tələbə böhtan atdığına və müəllimi şərlədiyinə görə onun işi məhkəməyə verilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti