Azərbaycan, Bakı, 6 mart /Trend/
Bakının Lökbatan qəsəbəsində təbii qazdan baş verən kütləvi zəhərlənmə nəticəsində ölən yoxdur. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov məlumat verib.
Baş həkim bildirib ki, təbii qazdan zəhərlənmə zamanı ölüm faktı qeydə alınmayıb: "Əgər təbii qazdan hər hansı vətəndaş ölsəydi, onda kütləvi ölüm halları qeydə alınardı".
Onun sözlərinə görə, hadisə yerinə 20-yə yaxın təcili yardım maşını göndərilib. Ərazidə təcili yardım briqadaları tərəfindən sakinlərə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri nisbətən ağır olanlar xəstəxanaya yerləşdiriliblər.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən isə Trend-ə bildiriblər ki, şöbəyə 40-a yaxın xəstə daxil olub. Ölüm faktı qeydə alınmayıb.
Qeyd edək ki, martın 5-də axşam saatlarında Lökbatan qəsəbəsində 3-4 beşmərtəbəli yaşayış binasında təbii qazdan kütləvi zəhərlənmə olub.
Hadisə yerindən daha öncə Trend-ə bildiriblər ki, sakinlərin ən azı 80-dən artığı təbii qazdan zəhərlənib. Buna səbəb qazın kəsilməsi, sonradan isə buraxılması olub.
"Azəriqaz"dan" daha öncə Trend-ə verilən məlumata görə, insanların zəhərlənməsi odorant maddəsinin normadan artıq dozası nəticəsində baş verib. Bu maddə təbii qaza əlavə olunur və qazın sızmasının müəyyən edilməsində istifadə olunur.
Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, sakinlərdən biri dünyasını dəyişib. Lakin onun təbii qazdan zəhərlənməyə və yaxud hansı səbəbdən öldüyü bilinmir.