...

DSMF Qubada "Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir" adlı regional təqdimat keçirib (FOTO)

Cəmiyyət Materials 8 Mart 2014 12:24 (UTC +04:00)
“Elektron hökumət” portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Fond müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar reallaşdırır. Belə bir tədbir martın 7-də Qubada keçirilib.
DSMF Qubada "Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir" adlı regional təqdimat keçirib (FOTO)

Azərbaycan, Bakı, 8 mart /Trend/

"Elektron hökumət" portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Fond müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar reallaşdırır. Belə bir tədbir martın 7-də Qubada keçirilib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçıların iştirak etdiyi "Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir" adlı regional təqdimatda əvvəlcə DSMF-nin pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov çıxış edib. O bildirib ki, bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edir. Fondun mərkəzi məlumat bazasında 1 milyon 276 min nəfər pensiyaçı və 2 milyon 691 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Ötən il ərzində DSMF-nin həm öz saytı (www.dsmf.gov.az), həm də "elektron hökumət portalı" (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 19-a çatdırılıb.

F.Qədimov vurğulayıb ki, hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatların tam elektron qaydada qəbul edilməsi təmin olunub. "Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu" adlı elektron xidmət sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir. Bununla yanaşı, DSMF-nin yerli şöbələrində öz hesabatlarını elektron formada təqdim etməkdə çətinliklə üzləşən xırda sahibkarlara və torpaq mülkiyyətçilərinə kömək məqsədilə "Yardım masaları" fəaliyyət göstərir.

Məcburi dövlət sosial sığorta haqlarının ödənişi real vaxt rejimində onlayn həyata keçirilir. Vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olmasında mühüm rola malik olan "Sığortaolunanlara məlumatların verilməsi" adlı müasir məlumatlandırma sistemi tam istifadəyə verilib. Bu xidmət vasitəsilə istənilən sığortaolunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürənin onun üçün əməkhaqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana bilər.

Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq məlumat almaq, pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablamaq imkanı əldə edir. Həmçinin pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən "Çağrı Mərkəzi"nə zəng etməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir.

Təqdimat mərasimində DSMF-nin informasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev Fondun elektron xidmətləri barədə slaydlar təqdim edərək, hər bir xidmət barədə ətraflı məlumat verib.

Daha sonra iştirakçıları maraqlandıran sual və təkliflərlə bağlı müzakirələr davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti