...

Nazir müavini: İmtahanda müvəffəqiyyət əldə etməyən müəllimlərin diplomlarının əlindən alınması gündəmdə deyil (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 15 Mart 2014 15:02 (UTC +04:00)
Ümumtəhsil məktəblərində reallıq ondan ibarətdir ki, qadın müəllimlərin sayı kişi müəllimlərin sayı ilə müqayisədə daha çoxdur.
Nazir müavini: İmtahanda müvəffəqiyyət əldə etməyən müəllimlərin diplomlarının əlindən alınması gündəmdə deyil (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İzzət/

Ümumtəhsil məktəblərində reallıq ondan ibarətdir ki, qadın müəllimlərin sayı kişi müəllimlərin sayı ilə müqayisədə daha çoxdur. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

C.Bayramov qeyd edib ki, bura süni şəkildə müdaxilə edib vəziyyəti qısa bir zaman ərzində dəyişmək real görsənmir: "Biz bu işə kifayət qədər ciddi yanaşırıq. Bu, birbaşa müəllimlər üçün keçirilən imtahanlarda kişi müəllimlərin iştirakı və orada göstərdikləri nəticədən asılıdır".

Nazir müavininin sözlərinə görə, elə ixtisaslar var ki, yüksək bal toplayan abituriyentlər onlara deyil, prestijli ixtisaslara maraq göstərir: "Ancaq bu, o demək deyil ki, bu ixtisaslar Təhsil Nazirliyi və Azərbaycan dövləti üçün daha az əhəmiyyətlidir. Çalışırıq ki, stimullaşdırıcı tədbirlər, yüksək təqaüdlər tətbiq etməklə yüksək bal toplayanları həmin istiqamətlərə cəlb etməyi təmin edək".

Növbəti tədris ilində hansısa ixtisasa qəbulun dayndırılmasının gözlənilmədiyini deyən nazir müavini qeyd edib ki, məsələnin belə kəskin qoyulmasını düzgün hesab etmirlər: "Qəbulda olan ixtisaslara hər hansı şəxslərin marağı varsa, bu marağı təmin etmək dövlətin vəzifəsidir".

C.Bayramov həmçinin qeyd edib ki, imtahanda müvəffəqiyyət əldə etməyən müəllimlərin diplomlarının əlindən alınması gündəmdə deyil.

O bildirib ki, müəllimlərin imtahan nəticələri ilə bağlı iki məsələ var: "Biri karyera inkişafı, daha yüksək əməkhaqqı almaq imkanı, digəri isə heç bir standarta cavab verməyən müəllimlərin iş yerlərini itirməsidir. Ümumiyyətlə, bu məsələ kifayət qədər ciddi məsələdir".

C.Bayramov qeyd edib ki, nazirlik bununla bağlı hər hansı bir tələskənliyə yol vermək istəmir: "Bu proses düşünülmüş qaydada aparılmalı, bir neçə mərhələ olmalıdır. İlk mərhələdə yüksək nəticə göstərməyən insanlara əlavə imkanlar, yeni şanslar verilməlidir və veriləcək".

Bakı Dövlət Universiteti tələbələrinin etirazları ilə bağlı yaranmış vəziyyətə dair sualı cavablandıran C.Bayramov bildirib ki, aksiyalarla bağlı Bakı Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib: "Tədris proqramlarında yükün ağır olması, imtahanların keçirilməsi ilə bağlı Bakı Dövlət Universitetinin bu sahəyə cavabdeh olan dekan və prorektorları Təhsil Nazirliyinə dəvət olunublar".

Nazir müavini, universitetlərdə keçirilən imtahanların təşkilində şəffaflığın tam təmin olunacağını da vurğulayıb: "Bu qış imtahan sessiyası zaman Təhsil Nazirliyinin "qaynar xətt" xidmətinə korrupsiya halları ilə bağlı bir çox müraciət daxil olub, onlar nəzarət şöbəsi və universitetlər tərəfindən araşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti