Azərbaycan, Bakı, 27 mart / Trend/
Ermənistanda təqribən 450 min sürücünün ən azı 30 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Trend-in News.am-a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın ədliyyə naziri Qrayr Tovmasyan hökumətin iclasından sonra bəyan edib.
O, qeyd edib ki, hökumətin işçi qrupu yaxın iki-iki ay yarım ərzində ölkədə yol hərəkətinin vəziyyətini və cərimələrin adekvatlığını araşdırır.
Nazir əlavə edib ki, bəzi hallarda cərimələr həddindən artıq yüksək məbləğdə və yoxsul təbəqələr üçün xüsusilə ağır olur. "Deyək ki, fermer kənddən Yerevana bazara tərəvəz gətirir. O, gün ərzində maksimum 5-10 min dram gəlir əldə edir. Və əgər o, xətti keçərsə, həmin 5-10 mini sadəcə ondan ala bilərlər. Burada təhlil aparmaq lazımdır".