...

Yol polisi Bakıda "toy karvanları"nın yaratdığı fəsadları açıqladı

Cəmiyyət Materials 5 Aprel 2014 14:17 (UTC +04:00)
Bu ilin ilk 3 ayı ərzində Bakıda "toy karvanları"ndakı nəqliyyat vasitələrinin iştirakı ilə 12 yol qəzası baş verib. "Toy karvanı terroru" nəticəsində 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Yol polisi Bakıda "toy karvanları"nın yaratdığı fəsadları açıqladı

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir İ.İzzət/

Bu ilin ilk 3 ayı ərzində Bakıda "toy karvanları"ndakı nəqliyyat vasitələrinin iştirakı ilə 12 yol qəzası baş verib. "Toy karvanı terroru" nəticəsində 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DIN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisi qeyd edib ki, 2013-cü ildə Bakıda "toy karvanları"ndakı avtomobillərin iştirakı ilə 47 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 9 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Onun sözlərinə görə, xüsusilə axşam saatlarında "toy karvanları"nda iştirak edən avtomobillər tərəfindən yolboyu səs siqnallarından lüzumsuz istifadə edilməsi, yolun hərəkət zolaqlarının tutulması, işıqforun qırmızı işığında dayanmadan hərəkət etməsi, yolayrıclarını keçmə qaydalarını pozması, ehtiyac olmadan asta sürətlə hərəkət etməsi, yola bitişik şadlıq saraylarının qarşısında dayanmış avtomobillərin hesabına yolların daralması, həmin yol üzrə gediş-gəlişin çətinləşməsi və süni tıxacların yaranması daha çox müşahidə edilir: "Belə neqativ hallar əhalinin narahatlığı və narazılığına səbəb olur. Ona görə də "toy karvanları"nda iştirak edən avtomobil sürücülərini bir daha ciddi nizam-intizama dəvət edir və xəbərdarlıq edirik ki, paytaxt ərazisində "toy karvanları"nda iştirak edən hər bir avtomobil hərəkət marşrutu boyu izləniləcək və kimliyindən asılı olmayaraq, qayda pozucuları qanunverciliyin tələblərinə uyğun şəkildə cəzalanacaqlar. Xahiş edirik, bəy-gəlinin xoşbəxtliyinə qanqaraçılıq qatmasınlar və başqalarının bədbəxtliyinə gətirib çıxaran hadisələrə rəvac verməsinlər."

V.Əsədov bir daha Bakı şəhər Dövlət Yol Polisi İdarəsi adından toy sahiblərinə müraciət edərək "toy karvanları"nda iştirak edən avtomobillərin sayının azaldılmasını tövsiyə edib: "Axı avtomobillərin sayının çox olması yeni evlənənlərin nə sevgisini artıracaq, nə də onları xoşbəxt edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti