...

AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası hazırlanır

Cəmiyyət Materials 18 Aprel 2014 12:57 (UTC +04:00)
Hazırda AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası hazırlanır, elmi tədqiqatların prioritet istiqamətləri yenidən müəyyənləşdirilir və bu işlər artıq yekunlaşmaq üzrədir.
AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası hazırlanır

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İsabalayeva/

Hazırda AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası hazırlanır, elmi tədqiqatların prioritet istiqamətləri yenidən müəyyənləşdirilir və bu işlər artıq yekunlaşmaq üzrədir. Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş bu gün keçirilən ümumi yığıncağında çıxışı zamanı AMEA prezidenti, akademik Akif Əlizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan regionun elm mərkəzinə çevrilməsi üçün bütün imkanlara sahibdir. Müasir İKT ilə təchiz edilmiş, regionda ən qabaqcıl kitabxanalardan olacaq İnformasiya Resursları Mərkəzi istifadəyə tam hazırdır.

A.Əlizadə qeyd edib ki, müasir elmi istiqamətlər üzrə yeni institutlar yaradılacaq. O əlavə edib ki, ölkənin inkişaf strategiyasına uyğun olaraq regionlarda elmi-texniki potensialı artırmaq məqsədi ilə bir sıra islahatlar həyata keçirilib, o cümlədən Prezident İlham Əliyevin sərəncamına əsasən, AMEA-nın Gəncə Bölməsi yaradılıb.

AMEA prezidenti vurğulayıb ki, görülmüş işlər sırasına Akademiyanın elmi müəssisələrinin Direktorlar, İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası, Gənc Alim və Mütəxəssislər şuralarının yaradılması da daxildir.

Akademiyanın 2013-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edən AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev bildirib ki, hesabat ilində AMEA-nın elmi müəssisələrində 162 problem çərçivəsində 504 mövzu üzrə 1402 elmi-tədqiqat işi aparılıb, 110 mühüm elmi nəticə alınıb. Onlardan 55 iş tətbiq olunub. AMEA-da 24 elmlər doktoru və 124 fəlsəfə doktorluğu üzrə dissertasiyalar müdafiə edilib, Akademiyanın elmi müəssisələri tərəfindən 68 respublika və 45 beynəlxalq səviyyəli elmi tədbir keçirilib.

R.Əliquliyev deyib ki, AMEA-da həyata keçirilən struktur islahatları çərçivəsində müasir dövrün tələblərindən irəli gələrək Biofizika və Smart Materiallar Mərkəzi, Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Elm Tarixi və Dünya Siyasəti institutları yaradılıb. Həmçinin Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adından "sosiologiya" sözü götürülüb, Mərdəkan Dendrarisi Dendralogiya İnstitutu, Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu, Kimya Problemləri İnstitutu Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu isə Konfliktologiya və İnsan Hüquqları İnstitutu adlandırılıb.

R.Əliquliyev qeyd edib ki, AMEA-nın icraçısı olduğu dövlət proqramlarından 3-ü artıq başa çatıb, 13-ü isə hələ davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti