...

Hesablama Palatası 2013-cü ildə 75 yoxlama həyata keçirib

Cəmiyyət Materials 18 Aprel 2014 13:40 (UTC +04:00)
Hesablama Palatası 2013-cü ildə 75 yoxlama həyata keçirib. Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2013-cü ildə fəaliyyəti ilə bağlı hesabatını Milli Məclisdə təqdim edərkən deyib.
Hesablama Palatası 2013-cü ildə 75 yoxlama həyata keçirib

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir E.Mehdiyev/

Hesablama Palatası 2013-cü ildə 75 yoxlama həyata keçirib. Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2013-cü ildə fəaliyyəti ilə bağlı hesabatını Milli Məclisdə təqdim edərkən deyib.

V.Gülməmmədovun sözlərinə görə, bu yoxlamalardan 5-i dövlət büdcəsinin gəlirlərindən istifadə, 59-u dövlət qurumlarında büdcə vəsaitlərinin istifadəsi, 7-si Dövlət Torpaq fondundan istifadə, 4-ü isə büdcədən kənar fondlardan istifadə ilə bağlı olub.

Audit tədbirlərinin əhatə dairəsinin genişləndiyini deyən V.Gülməmmədov qeyd edib ki, aparılmış audit tədbirlərinin nəticəsində müəyyən edilən ayrı-ayrı istiqamətlər üzrə xas olan nöqsanlara dövlət orqanlarında şöbə və sektorların yaradılması üçün ştat vahidlərinin normativ aktlarda təsbit edilmiş həddinə əməl edilməməsi, orta məktəblərdə tarifləşmənin, ali məktəblərdə elmi adlara görə əlavələrin düzgün müəyyənləşdirilməməsi, səhiyyə və mədəniyyət sahəsində ştat saylarının düzgün müəyyən edilməməsi, mənzil-kommunal təsərrüfatı sahəsində normativlərin düzgün tətbiq edilməməsi, zərərin və gəlirlərin düzgün hesablanmaması, xidmət haqlarının vaxtında və tam olaraq yığılmaması və vəsaitlərin qeyri-səmərəli istifadəsi, tikinti işlərinin aparılması zamanı layihə-smeta sənədlərinə uyğun işlərin görülməməsi, layihə-smeta sənədlərinin vaxtında ekspertizadan keçirilməməsi, işlər tam görülmədən müqavilə və ödənişlərin tam aparılması və s daxildir.

Audit aparılan təşkilatlarda aşkarlanan bəzi ümumi nöqsanlar barədə danışan V.Gülməmmədov qeyd edib ki, belə nöqsanlara vəsaitlərinin vahid büdcə təsnifatına uyğun istifadə edilməməsi, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlər yönəldilməsi, debitor borcların vaxtında bağlanmaması və s. kimi halları aid etmək olar.

V.Gülməmmədov bildirib ki, hesabat ilində audit tədbirləri zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlara yol verən 254 nəfər məsul şəxsə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iltizam tənbehi tətbiq edilib.

Daha sonra hesabat müzakirə edilərək qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti