...

Nizami rayonunda Çernobıl əlilləri böyük diqqət və qayğı ilə əhatələnib (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2014 16:44 (UTC +04:00)
Aprelin 26-da Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında 28 il əvvəl baş vermiş Çernobıl qəzası ilə əlaqədar olaraq, bu hadisədən zərər çəkmiş rayon sakinləri ilə görüş keçirilib.
Nizami rayonunda Çernobıl əlilləri böyük diqqət və qayğı ilə əhatələnib (FOTO)

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Aprelin 26-da Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında 28 il əvvəl baş vermiş Çernobıl qəzası ilə əlaqədar olaraq, bu hadisədən zərər çəkmiş rayon sakinləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, ölkəmizdə və rayonumuzda Çernobıl əlillərinə böyük diqqət və qayğı göstərilir: "Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalayıb və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artıb. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısı, onların pensiya və müavinətləri Prezident İlham Əliyevin səyləri nəticəsində artırılıb. Hazırda əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir. Elə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, respublikamızda radiasiya şüalanmasından əziyyət çəkən vətəndaşlar üçün Mingəçevir şəhərində xüsusiləşdirilmiş müalicə mərkəzinin yaradılması və Bakı şəhərində çernobılçılar üçün yaşayış binasının tikintisi minnətdarlıqla qarşılanıb".

Çıxış edən Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov bildirib ki, 26 aprel 1986-cı ildə Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü nüvə partlayışı baş verdi: "Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. Çünki qəzanın nəticələrinin aradan qaldırılması üçün Çernobıla 7 min azərbaycanlı göndərilmişdi".

M.Həsənov, həmçinin Çernobıl əlillərinin, onların ailə üzvlərinin qayğı və problemlərinin həllinə xüsusi diqqətlə yanaşıldığını bildirib, dövlətimizin bu kateqoriyadan olan insanlar üçün müəyyənləşdirdiyi müavinət və təqaüdlərdən, güzəştlərdən söz açıb, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasətini yüksək qiymətləndirdiklərini vurğulayıb.

Görüşdə fikirlərini bölüşən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Nizami rayonu Ağsaqqallar Şurasının üzvü Mail Əliyev və digərləri vurğulayıblar ki, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı şüalanmadan əlil olmuş insanlara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir, Çernobıl əlillərinin hüquqları müharibə əlillərinin hüquqları ilə bərabər tutulur. Bildirilib ki, Nizami rayonunda da Çernobıl əlilləri böyük diqqət və qayğı ilə əhatələnib.

Görüşdən sonra Çernobıl qəzasının ildönümü ilə əlaqədar 229 saylı orta məktəbdə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Həmin gün 230-dan artıq Çernobıl əlilinə yardım edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti