Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İ.İzzət/
Bakıda keçiriləcək Gül bayramı əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, 10 May tarixində Heydər Əliyev sarayının qarşısında keçiriləcək Gül bayramına hazırlıq işlərinin görülməsi ilə əlaqədar paytaxtın Füzuli küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsi istiqamətində artıq nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub və istiqamət dəyişdirilib.
Ona görə də İdarə sürücülərdən xahiş edir ki, bunu nəzərə alsınlar, sıxlığın, yol-nəqliyyat hadisələrinin yaranmaması üçün əvvəlcədən istiqamətlərini müəyyənləşdirib elə yoldan istifadə etsinlər ki, narahatlıq yaranmasın.
Qeyd edək ki, hər il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı təşkil edilir.