...

Azərbaycanda müəllimlərin etik davranış qaydaları təsdiqlənib

Cəmiyyət Materials 20 May 2014 11:01 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Müəllimlərin etik davranış qaydaları"nı təsdiq edib.
Azərbaycanda müəllimlərin etik davranış qaydaları təsdiqlənib

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Müəllimlərin etik davranış qaydaları"nı təsdiq edib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu qaydalar bütün növ təhsil müəssisələrində işləyən müəllimlərə şamil edilir.

Qaydaların tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam işgüzar durumun bərqərar olmasına, vətəndaşların təhsil müəssisəsinə va müəllimə etimadının artırılmasına, təhsil müəssisələrinin idarə olunmasında valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına, təhsil müəssisəsində korrupsiya hallarının və maraqların toqquşmasının qarşısının alınmasına və müəllim nüfuzunun yuksəldilməsinə nail olmaqdır.

Qaydalara görə, müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyat istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyətini yerinə yetirərkən qərəzsiz olmalı, öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Müəllim peşə fəaliyyətini yerinə yetirərkən siyasi bitərəfliyə əməl etməyə borcludur.

Müəllim bilərəkdan yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Müəllim iş vaxtında kənar işlərlə məşgul olmur, üzrsüz səbəbdən işdən yayınmır.

Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır.

Müəllim təhsilalanlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, nitqində kobud və təhqiredici sözlər işlətməməli, təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməməlidir.

Müəllim qanunvericiliklə müəyyən edilmiş qaydada təhsilalanlara göstərdiyi əlavə təhsil xidməti müqabilində hədiyyə va ya pul tələb etməməlidir.

Təhsilalanlar va digər şəxslər qarşısında müəllimin öz həmkarını təhqir etməsi və zor tətbiq etməsi yolverilməzdir.

Müəllim təhsil müəssisəsinin rəhbərliyi tərəfindən ona verilən əmrin və tapşırığın qanunazidd olmasına əmindirsə, o, həmin əmri və ya tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Bu barədə yazılı əsaslandırmanı birbaşa rəhbərliyə və ya yuxarı orqana təqdim etməlidir. Rəhbərliyin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti