...

Penitensiar xidmətin bəzi müəssisələrində olan məhkumlar azadlığa buraxılıblar (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 27 May 2014 11:34 (UTC +04:00)
Bu gün Ədliyyə Nazirliyi Pentensiar xidmətin Qaradağ rayon ərazisində yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində Prezident İlham Əliyevin mayın 26-da imzaladığı əfv sərəncamının icrasına başlanılıb.
Penitensiar xidmətin bəzi müəssisələrində olan məhkumlar azadlığa buraxılıblar (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İzzət/

Bu gün Ədliyyə Nazirliyi Pentensiar xidmətin Qaradağ rayon ərazisində yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində Prezident İlham Əliyevin mayın 26-da imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

Trend-in məlumatına görə, müəssisədə 13 nəfərə cəzasının çəkilməmiş hissəsindən azad olunması haqqında buraxılış vəsiqəsi təqdim olunub. Onların arasında bir İran və bir Belarus vətəndaşı da olub.

Mərasimdə Pentensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov iştirak edib.

İdarə rəisi bildirib ki, hər il bu humanist tədbir həyata keçirilir: "Hesab edirəm ki, 28 May Respublika Günündə bu, cənab Prezident İlham Əliyev tərəfindən atılan çox gözəl addımdır. R.Ramazanov məhkumların bir də cinayət hadisələrinə yol verməyəcəklərinə inandığını deyib.

Əfv olunanlar isə Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildirərək, törətdikləri əməllərdən peşman olduqlarını dilə gətiriblər.

Daha sonra Pentensiar xidmətin Qobustan ərazisində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində 7 nəfər azadlığına qovuşub. Onlardan 5-i İran vətəndaşıdır.

Son olaraq Qobustan həbsxanasından 6 nəfərə buraxılış vəsiqəsi təqdim olunub.

13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş Belarus vətəndaşı Ratkeviç Anatoliy Fransoviç qaçaqmalçılığa görə 8 il azadlıqdan məhrum edilib. O cəzasının 4 il 11 ayını çəkib: "Bu, mənim üçün gözlənilməz idi. Amma hər zaman azad olunacağıma ümid edirdim. Azərbaycan Prezidenti İlham Əliyevə məni əfv etdiyinə görə minnətdaram. Buradan çıxan kimi Belarusa ailəmin yanına qayıdacağam".

İran vətəndaşı Habeş Müqəddəm Nasser vaxtilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 9 il azadlıqdan məhrum edilib. O cəzasının 5 il 3 aylıq hissəsini çəkib: "Mən cənab Prezidentə demək istəyirəm ki, biz məhkumlar ondan həmişə belə bağışlanmanı gözləyirik. Belə gözəl addımına görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Çox sevincliyəm, gözəl hisslər yaşayıram. Mənim həyat yoldaşım azərbaycanlıdır. İki övladım var. Bakıda yaşayırlar. Buradan çıxandan sonra ailəmə qovuşacağam".

Azərbaycan vətəndaşı Cəmil Fərzəliyev dövlət əmlakını mənimsədiyinə görə 7 il azadlıqdan məhrum edilib. O cəzasının 4 illik hissəsini çəkib: "Yalnız böyüklər bağışlamağı bacarır. Biz də cənab Prezidentimizi həmişə belə böyük olaraq görmüşük. Allah da bağışlayandır. Biz cənab Prezidentimizə azadlığa çıxan bütün məhkumlar adından minnətdarlığımızı bildiririk. İnşallah buradan çıxandan sonra ilk növbədə ailəmə qovuşacağam, sonra isə əmək fəaliyyətimi davam etdirəcəyəm".

Adam bıçaqladığına görə 4 il azadlıqdan məhrum edilmiş Allahverənov Gəncəli Ağakişi oğlu cəzasının 1 il 11 aylıq hissəsini Qobustanda yerləşən Həbsxanada çəkib. Azadlığa çıxdığı üçün o qədər sevinirdi ki, hətta göz yaşlarını da saxlaya bilmədi: "Burada olduğum müddətdə azadlığın nə demək olduğunu dərk etdim. Azad edilməyim haqqında xəbəri eşidəndə çox sevindim. Kim buradan evinə gedəcəyinə sevinməz? Cinayət törətdiyim üçün çox vicdan əzabı çəkmişəm. Möhtərəm Prezidentimiz sağ olsun ki, məni yenidən ailəmə qovuşdurdu. Özüm ali təhsilli mühəndisəm. Qayıdandan sonra işimlə məşğul olacağam".

Prezidentin Sərəncamı ilə əfv olunmuş Belyayev İqor Vladimiroviç oğurluğa görə vaxtilə 4 il azadlıqdan məhrum edilib. Onun 11 ayını məhkumluq həyatı yaşayıb. İndi Qobustan Həbsxanasından azad edildiyinə görə çox sevinirdi: "Düzü, azad ediləcəyimi gözləmirdim. Prezidentimiz sağ olsun ki, mənə belə xoşbəxtlik bəxş etdi. Bir daha qayıtmayacağam. Burada dülgərliyi və rəngsazlığı öyrəndim. Çıxandan sonra gedib usta işləyəcəyəm".

Ümumilikdə Penitensiar xidmətin tabeliyində olan 1 saylı cəzaçəkmə müəssisəsindən 1 nəfər, 2 saylı cəzaçəkmə müəssisəsindən 18 nəfər (3-ü İran vətəndaşı), 4 saylı cəzaçəkmə müəssisəsindən 3 nəfər (1-i iranlı), 5 saylı cəzaçəkmə müəssisəsindən 1 nəfər (Türkmənistan vətəndaşı), 6 saylı cəzaçəkmə müəssisəsindən 13 nəfər, 7 saylı cəzaçəkmə müəssisəsindən 2 nəfər, 9 saylı cəzaçəkmə müəssisəsindən 1, 10 saylı cəzaçəkmə müəssisəsindən 16, 11 saylı cəzaçəkmə müəssisəsindən 1, 12 saylı cəzaçəkmə müəssisəsindən 1, 15 saylı cəzaçəkmə müəssisəsindən 2 (biri Əfqanıstan vətəndaşı), 16 saylı cəzaçəkmə müəssisəsindən 5 nəfər (ikisi İran vətəndaşı), 17 saylı cəzaçəkmə müəssisəsindən isə 7 nəfər azadlığa buraxılıb.

İxtisaslaşmış müalicə mərkəzindən 3, müalicə müəssisəsindən 4, Şəki penitisiar müəssisəsindən 7 nəfər azadlığa buraxılıb.

Bundan əlavə Bakı İstintaq təcridxanasından 2, 3 saylı İstintaq təcridxanasından 1 nəfər azadlığa buraxılıb.

Məntəqə tipli cəzaçəkmə müəssisələrində ümumilikdə saxlanılan 43 nəfər azad edilib. Onlardan biri İran vətəndaşıdır.

Qeyd edək ki, əfv olunanlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 157 nəfər şəxs cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işlərinə məhkum edilmiş bir nəfər və cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan azad ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti