Azərbaycan, Bakı, 29 may /Trend/
Mayın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Gənclər Birliyinin və "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin İdarə heyətinin üzvü və "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin təsisçisi Sevinc Abdullayeva bayram münasibətilə uşaqları təbrik edib, dövlətimizin yetişməkdə olan nəslə göstərdiyi diqqət və qayğıdan söhbət açıb.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova isə ölkəmizdə uşaqlara göstərilən hərtərəfli dövlət qayğısından danışıb.
Bildirilib ki, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə uşaqların sağlam həyat tərzi və hərtərəfli inkişafı naminə uğurlu addımlar atılıb, bu sahəyə diqqət və qayğı artırılıb.
Sonra tədbirdə Nizami Rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin kollektivi Qayğı Uşaq Reabilitasiya və Daun Sindromlu Şəxslərin Reabilitasiya mərkəzlərinin uşaqları üçün müxtəlif rəqslər, ifalarla çıxış ediblər. Uşaqlar üçün müxtəlif oyunlar təşkil olunub, şən klounların iştirakına yer verilib.
Sonda şənlik tortu kəsilib və uşaqlara hədiyyələr təqdim edilib.