...

Bakı sakinlərinə xəbərdarlıq: uzun müddət açıq havada qalmaq məsləhət deyil (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 10 İyul 2014 13:34 (UTC +04:00)
Bu gün və sabah ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilməsə də, iyulun 12-də Bakıda və Abşeron yarımadasında temperatur ötən günlərlə müqayisədə bir neçə dərəcə yüksələcək.
Bakı sakinlərinə xəbərdarlıq: uzun müddət açıq havada qalmaq məsləhət deyil (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 12:47-də yayılıb)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün və sabah ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilməsə də, iyulun 12-də Bakıda və Abşeron yarımadasında temperatur ötən günlərlə müqayisədə bir neçə dərəcə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında iyulun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gündüz cənub-şərq küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

İyulun 11-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu meteohəsas insanlarda narahatlıq hissi yarada bilər. İyulun 12-də isə gündüz yüksək temperatur, arabir durğun hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq.

İyulun 11-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin səhər bəzi cənub rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-28 dərəcə isti olacaq.

A.Verdiyev bildirib ki, iyulun 12-də Bakıda və Abşeron yarımadasında temperatur ötən günlərlə müqayisədə 4-5 dərəcə yüksələcək. Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 34-39, Aran rayonlarında 33-38, dağlıq rayonlarda 23-28 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti Bakı və Abşeron yarımadasında durğun hava şəraiti ilə bağlı vətəndaşları xəbərdarlıq edib. Trend-ə daxil olan məlumatda qeyd olunub ki, günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti