...

Abdulla Qurbani: Çıx yollara əziz ana, qarşıla igid balanı…

Cəmiyyət Materials 4 Avqust 2014 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İlkin İzzət/

Son günlər cəbhədə şəhid olmuş hərbçilərimizin ailələrinə medalların təqdim edilməsi mərasimində iştirak edən Əməkdar incəsənət xadimi, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani elə yoldaca şəhidlərimizə şeir həsr edib.

Trend xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən son günlər erməni kəşfiyyat-təxribat qrupu tərəfindən cəbhənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti basqın zamanı şəhid olmuş və göstərikləri şücaət və rəşadətə görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilən 12 hərbi qulluqçunun ailələrinə medalların təqdim edilməsi mərasimləri təşkil edilir.

Artıq bir neçə belə mərasimdə şəhidlərin medallarını ölümündən sonra ailələrinə təqdim edən Əməkdar incəsənət xadimi, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani Trend-ə bildirib ki, bir neçə saat bundan əvvəl şəhid əsgər Qarazadə Anar Vidadi oğlunu son mənzilə yola salmaq üçün şəhidin cənazəsi doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndinə gətirilərkən hava tutulub və yağış yağmağa başlayıb.

Həmin an duyğulu anlar yaşadığını deyən Əməkdar incəsənət xadimi şəhidin xatirəsinə şeir də yazıb: "Mən həmin mənzərəni sizə heç cür təsvir edə bilmirəm. Çox duyğulandım və elə oradaca yolda bu misraları yazdım:

Çıx yollara əziz ana,

Qarşıla igid balanı.
Son layla çal mərd oğluna,
Qarşıla ciyərparanı.

Şəhid olub, şəhiddir o,
Şəhidlər ölməzdir, ana.
Gəl südünü halal elə
Nər cüssəli ər oğluna.

İntiqamı alınacaq
Ordu, millət səfərbərdir.
Bu torpağı Vətən edən
Anar kimi şəhidlərdir,

Onun kimi igidlərdir".

A.Qurbani qeyd edib ki, iştirak etdiyi mərasimdə əsl şəhidlik bayramı yaşanır, yerlərdə insanlar orduya dəstək verir və hər an döyüşə qatılmaq üçün Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır olduqlarını bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti