...

Azərbaycanda əmək müqavilələrini EİS-ə daxil etməyən işəgötürənlərlə bağlı cəza tədbirləri görüləcək (FOTO)

Cəmiyyət Materials 18 Avqust 2014 13:04 (UTC +04:00)
ƏƏSMN ölkəmizin şimal bölgəsinin işəgötürənlərini yeni sistemdən istifadə qaydaları barədə məlumatlandırıb
Azərbaycanda əmək müqavilələrini EİS-ə daxil etməyən işəgötürənlərlə bağlı cəza tədbirləri görüləcək (FOTO)

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydaları barədə "Açıq qapı" günü-vətəndaş forumu çərçivəsində məlumatlandırma tədbirlərini avqustun 18-də Quba şəhərində davam etdirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Sumqayıt şəhərinin, Quba, Xacmaz, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının işəgötürənlərinə əmək müqaviləsi bildirişinin EİS-də qeydiyyatdan keçirilməsini nəzərdə tutan yeni islahat tədbiri barədə geniş məlumatlar verilib. Bildirilib ki, Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli fərmanına əsasən, əmək müqavilələrinin müvafiq bildiriş formasında EİS-də qeydiyyatdan keçirilməsi prosesinə başlanması işçilərin, eləcə də işəgötürənlərin hüquqlarının daha səmərəli müdafiəsinə yönəlib. Bu proses əmək müqavilələrində əksini tapan, həm işçiyə, həm də işəgötürənə aid hüquqların qarşılıqlı təminatına çevik və obyektiv dövlət nəzarətinin həyata keçirilməsinə, qeyri-leqal əməyin qarşısının alınmasına, işçilərin gələcək sosial təminat hüququna malik olmalarına şərait yaradır.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı EİS-ə daxil edilmiş bildiriş bu sistemdə qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat verildikdən sonra hüquqi qüvvəyə minir. Bildirişlərin qeydiyyata alınması bir iş günü ərzində həyata keçirilir və işəgötürənə elektron qaydada məlumat verilir. Məcəllənin 12-ci maddəsi əmək müqaviləsi bildirişinin EİS-ə daxil edilməsini işəgötürənlərin vəzifələrindən biri kimi müəyyən edir və bu vəzifəni yerinə yetirməkdən yayınan işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun şəkildə cəza tədbirləri görüləcək.

Tədbirdə əmək müqaviləsi bildirişinin gücləndirilmiş imza sertifikatları vasitəsilə "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən EİS-ə daxil edilməsi və qeydiyyata alınması, bu barədə işəgötürənə məlumat verilməsi prosedurları əyani şəkildə nümayiş etdirilib. İşəgötürənlərin ayrı-ayrı sualları da cavablandırılaraq, bu prosesdə işəgötürənlərə əməli köməklik göstərilməsi məqsədi ilə ölkənin bütün bölgələrində "Yardımçı masaları"nın fəaliyyət göstərdiyi bildirilib. Həmçinin EİS ilə bağlı metodiki göstərişlər və sistemdən istifadəyə dair müvafiq yardımçı materialların ƏƏSMN-in rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirildiyi, nazirliyin "142 Çağrı mərkəzi"nin də müvafiq məlumatlandırma funksiyalarını yerinə yetirdiyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti