...

FHN Lənkəranda taktiki xüsusi təlim keçirib

Cəmiyyət Materials 30 Avqust 2014 11:49 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəranda "Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili" mövzusunda taktiki xüsusi təlim keçirib.
FHN Lənkəranda taktiki xüsusi təlim keçirib

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İlkin İzzət/

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəranda "Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili" mövzusunda taktiki xüsusi təlim keçirib.

Trend FHN-in rəsmi saytına istinadən xəbər verir ki, təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində peşəkarlıqlarının daha da artırılması, eləcə də fövqəladə hadisələr zamanı yanğınsöndürmə və xilasetmə bölmələrinin şəxsi heyəti qarşısında qoyulan tapşırıqların birgə fəaliyyətlə yerinə yetirilməsi sahəsində əməli vərdişlərin aşılanmasından ibarət olub.

Liman şəhəri ərazisində yerləşən Lənkəran Balıq Kombinatının fəaliyyət göstərməyən binasında keçirilən təlimə FHN qurumlarının struktur bölmələri və cənub bölgəsində yerləşən rayonların ərazi xilasetmə qüvvələri cəlb olunublar.

Şərti olaraq, 29 avqust 2014-cü il tarixində saat 09:00-da episentri Xəzər dənizində olmaqla, Lənkəran şəhərindən 30 km cənub-şərqdə 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin gücü Lənkəran şəhərində 6,5 bal, Astarada 6 bal, Lerikdə 5,2 bal, Yardımlıda isə 4,5 bal qeydə alınıb. Şərti olaraq, köhnə tikililərin qismən dağıntılara məruz qaldığı, bina və sənaye obyektlərində yanğınlar baş verdiyi, kommunikasiya xətlərinin sıradan çıxdığı qeyd olunub.

İlk mərhələdə quruda və havada kəşfiyyat qrupları şərti hadisə yerinə baxış keçirib, şərti zəlzələnin fəsadları müəyyənləşdirilib. Daha sonra şərti yanğından xilasetmə, suda xilasetmə və helikopterdən hadisə yerinə enmiş xüsusi təlim keçən itlə birgə desant qrupları yanğının söndürulməsi, hadisə zamanı xəsarət alan fəhlələrin təxliyyə və xilas olunması ilə bağlı təlimlər nümayiş etdiriblər. Şərti qəza xilasetmə işləri aparılan zaman 15 nəfər xilas edilib, 60 nəfər təhlükəli ərazidən təxliyyə olunub, baş verən yanğınlar lokallaşdırılıb, kombinatda kimyəvi qəza və nəqliyyat qəzalarının nəticələri aradan qaldırılıb.

Təlimi fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də izləyib.

Təlimin sonunda E.Mirzəyev meşə yanğınlarının söndürülməsində fəallıq göstərən şəxslərə FHN-in rəhbərliyi adından xatirə hədiyyələri təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti