...

Mətbuat Şurası ölkə rəhbərliyinə təkliflər təqdim edəcək

Cəmiyyət Materials 12 Sentyabr 2014 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Mətbuat Şurası Azərbaycan mediasındakı vəziyyətə dair təklifləri qruplaşdıraraq ölkə rəhbərliyinə təqdim edəcək. Trend-in məlumatına görə, bunu Şəki şəhərində keçirilən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclasında çıxışı zamanı MŞ sədri Əflatun Amaşov deyib.

Qeyd edək ki, iclasda dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və ölkənin aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçilimiş müşavirəsi ilə bağlı müzakirələr olub.

Ə.Amaşov bildirib ki, müşavirə Azərbaycanda dövlətinin söz və ifadə azadlığına yaratdığı münbit şəraitin hər hansı sui-istifadələrə meydan tanımayacağına dair mesaj idi: "Jurnalistlərin informasiya təhlükəsizliyi ilə bağlı məsələlərdə məsuliyyət yükünün artırılması baxımından da son dərəcə önəmli idi. Bunu rəhbər tutan kütləvi informasiya vasitələri Azərbaycan Mətbuat Şurasının tövsiyələrinə uyğun olaraq özlərinin daxili iclaslarını keçirdilər. Həmin toplantılarda Azərbaycanın müharibə şəraitində yaşadığı vurğulandı və jurnalist peşəkarlığında milli maraqlara sadiqliyin mühüm əhəmiyyət daşıdığı önə çəkildi, jurnalist peşəsinin ictimai yükü qabardılmaqla peşə prinsiplərinin milli mənafe təəssübkeşliyi ilə həmahəng olmasının vacibliyi diqqətə çatdırıldı".

Mətbuat Şurası müşavirədə səslənmiş məqamlarla bağlı müxtəlif aspektlərin müzakirəsi, ümumən informasiya təhlükəsizliyi prosesində KİV-lərin fəaliyyət səmərəliliyinin davamlı şəkildə diqqətdə saxlanılması zərurətini nəzərə alaraq sentyabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanın informasiya təhlükəsizliyi media müstəvisində" adlı konfrans düzənlədi. Ölkənin aparıcı KİV-lərinin, elektron media rəhbərlərinin, eləcə də tanınmış ekspertlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutmuş tədbir geniş diskussiyalar şəraitində keçdi. Toplantıda istər jurnalistlərin, istərsə də informasiya verilməsinə məsul strukturların fəaliyyət intensivliyinin artırılması, daha səmərəli nəticələrin əldə edilməsi baxımından təkliflər irəli sürüldü. Mətbuat Şurası həmin təklifləri qruplaşdıraraq ölkə rəhbərliyinə təqdim edəcək.

Təkliflər içərisində "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda müvafiq əlavə və dəyişikliklər edilməklə internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi, ali məktəblərin jurnalitika fakultələrində hərbi jurnalist hazırlığının ayrıca ixtisas kimi yer alması üçün müvafiq tədbirlərin görülməsi, informasiya agentliklərinin təsisi imkanlarına və statusuna yenidən baxılması, dövlət qurumlarının media ilə işə məsul bölmələrinin struktur fəaliyyətinin daha da operativləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycanın informasiya təhlükəsizliyi ilə bağlı konsepsiyanın hazırlanması istiqamətində işlərin görülməsi kimi məqamlar var.

MŞ-nin İdarə Heyətinin üzvlərindən Milli Məclisin deputatı Cavanşir Feyziyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli təkliflərdə nəzərdə tutulan məsələlərin medianın peşəkarlığının artırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti