...

Xaçmazda "Sosial sığorta ödənişi gələcəyinizin təminatıdır" adlı regional təqdimat keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Sentyabr 2014 18:31 (UTC +04:00)
Sentyabrın 19-da Dövlət Sosial Müdafiə Fondu (DSMF) Xaçmaz rayonunda “Sosial sığorta ödənişi gələcəyinizin təminatıdır” adlı regional təqdimat keçirib. Tədbirdə Xaçmaz, Qusar, Quba, Xızı, Şabran və Siyəzən rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.
Xaçmazda "Sosial sığorta ödənişi gələcəyinizin təminatıdır" adlı regional təqdimat keçirilib (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Sentyabrın 19-da Dövlət Sosial Müdafiə Fondu (DSMF) Xaçmaz rayonunda "Sosial sığorta ödənişi gələcəyinizin təminatıdır" adlı regional təqdimat keçirib. Tədbirdə Xaçmaz, Qusar, Quba, Xızı, Şabran və Siyəzən rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, təqdimat mərasimində çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırıb. Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir.

Dünya iqtisadiyyatında mürəkkəb və çətin proqnozlaşdırılan dəyişikliklərin baş verdiyi, əksər ölkələrin pensiya sistemlərinin göstəricilərinin aşağı düşdüyü bir dövrdə Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin sürətli artımı ölkəmizdəki iqtisadi-sosial inkişafın birbaşa nəticəsidir ki, bunu da hər bir ölkədə olduğu kimi sığorta-pensiya sisteminin göstəriciləri özündə adekvat əks etdirir. DSMF ölkə əhalisinin 43 faizindən çoxunu əhatə edən kateqoriyanın - 1 milyon 285 min nəfər pensiyaçının, 2 milyon 865 min nəfərdən çox sığortaolunanın - sığorta-pensiya sistemində iştirakının müəyyən edilməsində mühüm rola malikdir.

F.Qədimov diqqətə çatdırıb ki, sentyabr ayının 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 6,5 faiz artıb. 2014-cu ilin yanvar-avqust aylarında DSMF tərəfindən əlavə olaraq 174 134 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 865 491 nəfərə yüksəlib. DSMF-nin genişləndirilmiş informasiya komunikasiya şəbəkəsi vasitəsilə hər bir sığortaolunana fərdi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanı yaradılıb ki, bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə istiqamətlənib.

Sığorta-pensiya sistemində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsas meyar olduğunu nəzərə alaraq, vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusi maraqlı olmalıdırlar. Ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrə, yəni 2006-cı ilin 1 yanvarınadək olan iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. Çunki avtomatlaşdırılmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir. Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq öz fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir.

Təqdimatla çıxış edən DSMF-nin Maliyyə-büdcə şöbəsinin sektor müdiri Rüfət Oruclu bildirib ki, qarşıda duran vəzifələr vətəndaşlara göstərilən xidmətlərin daha da genişləndirilməsi və təkmilləşdirilməsindən ibarətdir. Dövlət Sosial Müdafiə Fondu bu sahədə səylərini davam etdirir. Bu istiqamətdə görülən tədbirlərin həyata keçrilməsi Dövlət Proqramı ilə müəyyən olunmuş vəzifələrin icrası baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, ölkəmizin sığorta-pensiya sisteminin uzunmüddətli dövrdə prespektiv inkişafı strateqiyasının hərtərəfli təyin olunmasına xidmət edir.

Regional tədbirdə iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, təklifləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti