Azərbaycan, Bakı, 10 oktyabr /Trend/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva onu plagiatlıqda ittiham edənləri cavablandırıb.
Trend-in Şərqşünaslıq İnstitutunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, G.Baxşəliyeva bildirib: "Mənim əsərlərimdə bir cümlə də olsun plagiatdan söhbət gedə bilməz, olsa-olsa isnadların yeri dəyişik düşə bilər, bu da kitabların mətninin komputerlə yığılmasından və səhifələnmə zamanı baş verə bilən rəqəmlərin yerdəyişməsindən irəli gələ bilər. Məşhur rus klassiki Qriboyedovun sözləri var: "А судьи кто?" yəni "Mühakimə edən kimlərdir?". Əsil alim vicdanlı, qərəzsiz, obyektiv olmalıdır, elmi tənqid isə xeyirxah olmalı, şər, böhtan xarakteri daşımamalı, opponenti gözdən salmaq məqsədi güdməməlidir. Aida Qasımovanın hərəkətinə yalnız təəssüf edirəm".
Qeyd edək ki, Bakı Dövlət Universitetinin professoru, şərqşünas alim Aida Qasımova elm adamları arasında qalmaqal yaradacaq iddia ilə çıxış edib. Onun fikrincə, filologiya elmləri doktoru, professor, AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın iki cildlik "Məqalələr, məruzələr, müsahibələr" kitabı plagiatdır.