...

Əli bəy Hüseynzadə - "Həqiqətin böyüyü"

Cəmiyyət Materials 28 Oktyabr 2014 15:41 (UTC +04:00)
Böyük Azərbaycan ədibi, filosof və ədəbi tənqidçi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən olan Əli bəy Hüseynzadəyə həsr olunmuş “Həqiqətin böyüyü” sənədli filminin nümayişi keçirilib.
Əli bəy Hüseynzadə - "Həqiqətin böyüyü"

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Böyük Azərbaycan ədibi, filosof və ədəbi tənqidçi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən olan Əli bəy Hüseynzadəyə həsr olunmuş "Həqiqətin böyüyü" sənədli filminin nümayişi keçirilib.

Mətbuat Şurasından (MŞ) Trend-ə verilən məlumata görə, bununla bağlı mərasim Biləsuvar rayonunda, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları "Xocavənd" qəsəbəsində baş tutub.

Şuranın milli mətbuat tariximizdə önəmli rolu olan nəşrlər, eləcə də tarixi şəxsiyyətlərlə bağlı çəkdiyi "Milli mətbuatımız, istiqlal yolumuz" silsiləsindən olan ekran əsərinin nümayişində media təmsilçiləri, yerli hakimiyyət orqanlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, "türkləşmək, islamlaşmaq, müasirləşmək" ideyasının müəllifi olan Ə.Hüseynzadə türkçülüyü fundamental cərəyan olaraq formalaşdırıb. Dahi mütəfəkkirin "Kaspi", "Həyat", "İrşad" qəzetlərindəki, eləcə də "Füyuzat" jurnalındakı fəaliyyəti böyük ictimai məzmun, örnək səciyyə daşıyıb. Şuranın "O film" studiyası ilə birgə layihəsi də məhz belə şəxsiyyətlərin həyat yoluna daha yaxından işıq salmaq, onları cəmiyyətə tanıtdırmaq zərurətindən irəli gəlib.

"Azərbaycanda maarifçilik ideyalarının təşəkkülü və formalaşmasında Əli bəy Hüseynzadənin əvəzsiz xidmətləri olub. Hesab edirəm ki, onun irsinə ən layiqli qiymət Prezident İlham Əliyevin dahi mütəfəkkirin 150 illik yubileyinin keçirilməsinə dair sərəncamıdır. Mətbuat Şurası sərəncamdan irəli gələn vəzifələrin icrasına dəstək məqsədilə bir neçə tədbir reallaşdırıb ki, onlardan biri də bu gün nümayişi keçirilən sənədli filmdir", - deyən Ə.Amaşov Ə.Hüseynzadənin təkcə Azərbaycanda deyil, bütövlükdə türk dünyasında da fəxarətlə anıldığını qeyd edib, onu görkəmli ictimai xadim, pedaqoq, həkim, jurnalist, yazıçı-publisist, rəssam kimi xarakterizə edən cəhətlərə toxunub.

Toplantıda çıxış edənlər Ə.Hüseynzadənin yaratdığı "füyuzatçılar" adlı ədəbi-fəlsəfi məktəbin Azərbaycanda ictimai fikrin formalaşmasında, milli özünüdərk proseslərində müstəsna rol oynadğını vurğulayıblar. Natiqlər görkəmli şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif məqamlarından danışaraq onu siyasi türkçülüyün əsasını qoymuş böyük fikir adamı kimi dəyərləndiriblər.

Çıxışlardan sonra "Həqiqətin böyüyü" sənədli filmi nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti