...

"Şərq" qəzetinin 18 yaşı tamam olur: "Biz çox çətin bir mübarizə şəraitində yaşayırıq"

Cəmiyyət Materials 1 Noyabr 2014 14:01 (UTC +04:00)
"Şərq" qəzeti yaradılarkən qarşımızda duran məqsəd Azərbaycanda müstəqil mətbuat formalaşdırmaq idi". Bu barədə "Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı qəzetin yaradılmasının 18 illik yübileyi ilə bağlı Trend-ə verdiyi açıqlamasında bildirib.
"Şərq" qəzetinin 18 yaşı tamam olur: "Biz çox çətin bir mübarizə şəraitində yaşayırıq"

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Şərq" qəzeti yaradılarkən qarşımızda duran məqsəd Azərbaycanda müstəqil mətbuat formalaşdırmaq idi". Bu barədə "Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı qəzetin yaradılmasının 18 illik yübileyi ilə bağlı Trend-ə verdiyi açıqlamasında bildirib.

A.Aşırlı deyib ki, bu il "Şərq" qəzetinin 18 illiyi qeyd olunsa da, qəzetin yaranması daha əvvəlki dövrə təsadüf edir: "1994-cü ilin mart və aprel aylarında qəzetin 6 sayı işıq üzü görüb. Sadəcə olaraq, həmin dönəmdə senzuranın mövcudluğu və bizim təcrübəsizliyimiz imkan vermədi ki, qəzetin çapının davamlı olmasını təmin edə bilək. 1996-cı ilin noyabr ayından etibarən isə yeni bir heyətlə qəzeti yenidən bərpa etdik. Bərpa edərkən qarşımızda duran əsas məqsəd Azərbaycanda müstəqil qəzetlərin sayının artırılması idi. O dönəmdə partiya mətbuatı daha çox öndə idi. Hər gün yeni bir qəzet yaranırdı. Ayrı-ayrı qəzet nümunələrinin içində seçilmək, fərqlənmək çox çətin idi. Bizim kifayət qədər təcrübəmiz olmasa belə, qəzetçilik fəaliyyətimiz imkan verirdi ki, oxucu auditoriyasına fərqli informasiya və yazılarla gələ bilək. Bizim fərqliliklərimiz oldu. Ən başlıcası, tərəfsizlik və heç bir partiyanın ruporu olmamaq bizim əsas qayəmiz idi. İndiyə qədər çalışmışıq ki, Azərbaycan mətbuatına yaxşı örnəklər verə bilək. Buna nə dərəcədə nail olduğumuzu oxucularımız deyə bilər".

Mətbuatın bugünkü dövrünü qiymətləndirən qəzetçi bildirib ki, yeni medianın, internet mediasının yarandığı dönəmdə çap mətbuatının vəziyyəti çox çətindir: "Biz çox çətin bir mübarizə şəraitində yaşayırıq. İnternet mediasının ortaya çıxması çap mətbuatını tədricən sıxışdırır, tədricən çap mətbuatının sıradan çıxması prosesi gedir. Mən düşünürəm ki, çap mətbuatı qalacaq və yeni media ilə bu çətin mübarizə şəraitində öz tarixi missiyasını davam etdirəcək. İllər öncə informasiya siyasətimizdə başqa prioritetləri əsas götürürdük, indi isə fərqli bir qəzetçilik modeli ortaya qoymağa çalışırıq. Daha çox analitik yazılara önəm veririk. Çünki artıq informasiyanın ömrü saniyələrlə ölçülür və yeni media bu baxımdan klassik mediaya heç bir rəqabətə imkanı vermir. Bu baxımdan düşünürəm ki, belə bir vəziyyətdə çap mediasını saxlamaq özü bir qəhrəmanlıqdır. Çap mediası internet mediası ilə xəbər baxımından rəqabət apara bilmədiyinə görə daha çox analitik yazılara önəm verilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti