...

Bakı Metropolitenindən natəmizliyə qarşı mübarizə

Cəmiyyət Materials 12 Noyabr 2014 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakı metrosunda platformaların və eskalatorların təmizlənməsi üçün xüsusi avadanlıqlar alınıb. Bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, platformaların və eskalatorların təmizlənməsi üçün yeni avadanlıqların alınması işi bundan sonra da davam etdiriləcək. Bununla yanaşı, metronun ərazisində təmizlik məsələlərinə nəzarət edən xadimələr də işləyəcəklər.

Metroda birmənalı olaraq təmizlik işlərinə xüsusi diqqət yetirildiyini deyən şöbə rəisi metro stansiyalarının ətrafındakı obyekt sahiblərindən şikayətçi olduqlarını da açıqlayıb: "Metronun bütün stansiyalarının çıxışlarında zibil qutuları var. Onlar zibildaşıyan maşınlar tərəfindən mütəmadi boşaldılır. Lakin bununla bağlı bizim narahatlıq və narazılığımız da var. Belə ki, stansiyanın giriş-çıxışlarına yaxın ərazilərdəki obyektlərin sahibləri öz zibillərini də gətirib həmin qutulara atırlar. Həmin qutular bu qədər zibil kütləsi üçün nəzərdə tutulmadığından bəzən orada xoşagəlməz hallar, hətta antisanitariya yaranır".

N.Paşayev Bakı Metropolitenində təmizlik işlərinə baxan, eləcə də digər işçilər üçün vahid geyim formasının tətbiqi məsələsinə də aydınlıq gətirib: "Bakı Metropoliteni" QSC yarandığı ilk gündən vahid geyim formasının tətbiqi ilə bağlı tapşırıq verilib. Artıq yeni geyim formalarının bütün maşinistlərə, texniki heyətin işçilərinə, eləcə də xadimələrə mərhələli şəkildə paylanmasına başlanılıb. Geyim formaları köhnəldikdə isə onlar yeniləri ilə əvəz olunur. Uniformanı hamı geyməlidir. Bizim bütün xadimələrimizin də hamısı göy rəngdə xalat geyinirlər. Lakin bəzi işçilər var ki, onlar bu məsələyə məsuliyyətsiz yanaşır və işə uniformada yox, özlərinə məxsus və heç də xoşa gəlməyən geyimdə çıxırlar. Bizim tərəfimizdən bir neçə dəfə belə hal müşahidə edilib və həmin şəxslərə xəbərdarlıq edilib, inzibati tədbirlər görülüb. Təbii ki, edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər daha ciddi şəkildə cəzalanacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti